Paytaxt yollarında SON VƏZİYYƏT - DYP-dən açıqlama

 12:59 16.09.2019     547

"Təhsil müəssisələri, onlara bitişik küçə və yollar polis tərəfindən nəzarətə götürülüb".

Redaktor.az xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu gün yollardakı vəziyyətlə bağlı açıqlamasında deyib.

O, bildirib ki, dərs gününün başlanması ilə əlaqədar polis gücləndirilmiş iş saatı ilə xidmət edir. :

“Dayanma-durma tələblərinin yerinə yetirilməməsi ilə bağlı təsdiq edilən inzibati tənbehi tədbirlərlə əlaqədar aidiyyəti qurum əməkdaşları təhsil müəssisələri ətrafında xidmət aparır. Səhər 7:45 dəqiqələrindən 8:15 radələrinədək mərkəzi  küçə və prospektlərdə, onlara bitişik təhsil ocaqları ətrafında süni sıxlığın, yaxud yol zolaqları üzərində avtomobillərin cərgələnməsinin şahidi olsaq da, bu əraziyə təhkim edilmiş əməkdaşlarımızın fəaliyyəti nəticəsində  o qədər də xoşagəlməz faktlar aşkarlanmadı. Əvvəlcədən verdiyimiz informasiya əsasında sürücülər dayanma-durma tələblərini düzgün yerinə yetirməli idi. Təəssüf ki, belə faktlar yenə də var və bu avtomobillərin evaukasiya edilməsi üçün tədbirlər görüldü. Paytaxtımız üçün ən prioritet məsələ olan dayanma-durma tələblərinin düzgün yerinə yetirilməməsi bəzi sürücülər tərəfindən səhlənkarlıq edilərək pozulur, o da yolun daralmasına və bu ərazidən keçən digər sürücülərin haqlı narazılığına və onların da ləngiməsinə səbəb olur.

V.Əsədov sürücülərdən xahiş etməyi də unutmayıb: 

"Yol hərəkət haqqında” Qanunun tələblərinə hörmətlə yanaşın. Bu gün yol polisi tənbehi tədbirlərin görülməsinə üstünlük vermir. Profilaktik tədbirlərin keçirilməsinə üstünlük veririk.  Məhz bu saata qədər Bakı şəhərində qeydə alınan qəza hadisələri və onların təhlili barəsində məlumat versək, görərik ki, hadisələr bütün göstəricilər üzrə müsbət dinamika ilə inkişaf edir. Bizim üçün bu gün adi iş günüdür. Bir daha qeyd edim ki, profilaktik tədbirlərə üstünlük vermək daha müsbət nəticələr əldə etməyə imkan verir. Çox vacibdirmi ki, sürücüyə, piyadaya protokol yazaq?”.

Nihadə Eyyubova / REDAKTOR.AZ