Kibritlə əvəzlənən “ÜZÜQARA” qəpiklər - 1 QƏPİYİM harada qaldı?

 17:10 17.09.2019     805

- Pul qalığımı qaytarmayacaqsınız?

- Əvəzinə kibrit verə bilərəm.

- Amma mən…

Sözüm ağzımda qaldı. Üzünü digər satıcılara tutaraq

- Mənə xırda qəpiklər verin də!

 Bax, elə buradaca məsələ məlumdur...

Ehtimal ki, öncəki alıcı da üzləşdiyi aqibətlə heç də məndən geri qalmayıb. Məndən ön və arxaya doğru sıralanma ilə getsək, gün ərzində xeyli sayda alıcının bu halla üzləşməsini danmaq yalan olar. Orta rəqəmlə hesablasaq, hər müştərinin çox yox, bircə qəpiyi marketdə qalsa, üst-üstə manatlıqlar yaranır. Axı halal zəhmətimizlə qazandığımız həmin qəpiklərdən biri çatmayanda siz də bizə istədiyimiz məhsulu vermirsiniz. Bəs biz niyə pulumuzu sizə güzəştə gedək?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramlıya Redaktor.az-a açıqlamasında bildirdi ki, qiymətin 5.99 AZN, 10.99 AZN və s. civarda müəyyənləşməsində məqsəd alıcının qəpiyin qaytarılması deyil, sadəcə alıcıya qiymətin daha aşağı olduğunu göstərməkdir:

"Adətən, 4.99 AZN qiyməti görən alıcı fikirləşir ki, bu məhsul 5 manat yox, 4 manatdır. Bu praktika ilk dəfə ABŞ-da tətbiq olunub. Amma Azərbaycanla bağlı belə bir praktikanın tətbiqində əsas məsələlərdən biri də həmin xırdanın geri qaytarılmasıdır. Bu da əksər hallarda problem olur, ya xırda pul olmur, ya da ki vətəndaş özü götürmür. Bəzi nəqliyyat vasitələrində  xırda qəpiklər qəbul edilmir. Bu isə ondan xəbər verir ki, bu qəpiklərin dövriyyədə işlənməsində problem var. Baxmayaraq ki, Azərbaycan Qanunvericiliyinə uyğun olaraq,dövriyyədə olan bütün əskinaslar, o cümlədən pul nişanları məhdudiyyətsiz olaraq, istifadə olunmalıdır. Amma çox təəssüf ki, onların istifadəsində problemlər var".

Necə edək ki, bu qəpiklər dövriyyədən çıxmasın?

V. Bayramov deyir ki, problemin əsas həll yollarından biri nağdsız ödənişlərin  genişləndirilməsidir:

“Əgər vətəndaş 4.99 və ya 4.96 manata olan məhsulu plastik kartla alırsa, nəticə olaraq, onun qəpiyinin qaytarılmasına ehtiyac yoxdur. Onun hesabından 4.96 manat çıxır. Dünya praktikası göstərir ki, bu hallarda nağdsız hesabların  təşkil edilməsi və plastik kartlardan daha çox istifadə olunması problemin həlli baxımından daha vacibdir. Digər tərəfdən də nəzərə alsaq ki, bütün vətəndaşların plastik kartları yoxdu, eyni  zamanda bütün satış məntəqələrində post terminalları yoxdur. Əsas məsələ Mərkəzi Bank həmin pulları qeyri şərtsiz qəbul etməlidir. Ona görə də çox vacibdir ki, həmin pulların istifadəsi ilə bağlı monitorinq güclənsin. Xüsusən, kiçik mağazalarda və köşklərdə xırda qəpiklər qəbul edilmir. Bu hallarda xüsusi cərimələrin tətbiq edilməsinə ehtiyac var. Alıcı şikayət edərsə, bu zaman həmin satıcıya və obyektə qarşı cərimələrə ehtiyac var ki, həmin vəsaitlərin qeyri şərtsiz istifadəsinə imkan yaradılsın. Nəticə etibarilə, bu, istehlakçının hüquqlarının pozulması deməkdir. İqtisadiyyat Nazirliyi tərəfindən nəzarətin gücləndirilməsinə ehtiyac var.

Eyni zamanda, Mərkəzi Bank bu işə nəzarət etməlidir. Qəpik pul nişanı dövriyyədədirsə, o məqsədli şəkildə bütün hallarda istifadə olunmaldır. Xırda pulların dövriyyədə qalmasına ehtiyac var. Xırda qəpiklərə marağın az olmasının səbəbi onun alıcılıq qabiliyyətin az olması və onların istifadə imkanlarının məhdud olmasıdır. Digər tərəfədən  onlar dövriyyədən yığışdırılarsa, bu, supermarketlər arasındakı rəqabətin zəifləməsinə  gətirib çıxara bilər. Satış məntəqələri 1 qəpik olsa da qanunvericiliklə qaytarmağa məcburdurlar. Qaytarılmadığı halda İqtisadiyyat Nazirliyinə müraciət etmək lazımdır”

Nihadə Eyyubova / Redaktor.az