Metroda eskalatorlar niyə işləmir? - Metropolitendən AÇIQLAMA
Artıq bir həftədir ki, “Xətai “ metrostansiyası istifadəyə verilib.
Sərnişinlər stansiyanın açılmasına elə yenicə sevinməyə başlayırdılar ki, sevincləri necə deyərlər, gözlərində qaldı. Elə bu gün səhər saatlarında eskalatorların birinin hərəkətində qəfil dayanma müşahidə olunub. Nəticədə iki qadının halı pisləşib. Nəzərə alsaq ki, köhnə eskalatorlarda bu cür hallarla tez-tez üzləşmələr olsa da, bunu onların köhnəliyinə bağışlamaq olar.
Bəs maraqlıdır ki, təzə eskalatorlarda bu cür hallar niyə baş verir? Dünən şeş, bu gün beş?
Məsələnin səbəbi barədə Redaktor.az-a açıqlama verən Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd etdi ki, bu cür hallar sərnişinlərin səhlənkarlığı ucbatından baş verir:
“Eskalatorlarımız avtomatlaşdırılmış iş prinsiplərinə malikdir, yəni, hər hansı bir maneə və yaxud ki hər hansısa bir təsir olarsa, eskalatorlar avtomatik buna reaksiya verir. Bu gün və iki gün öncəki baş verən hadisələrin də günahkarı sərnişinlərdir. İki gün bundan qabaq baş vermiş hadisədə “stop” düyməsi sərnişinlər tərəfindən basılıb və eskalator ona reaksiya verib. Belə bir hadisə “Sahil” metrostansiyası da istifadəyə veriləndə müşahidə olunmuşdur. Bilinmir belə hadisələr təsadüfən, yaxud da qəflətən baş verir”.
B. Məmmədovun sözlərinə görə, ümumiyyətlə, bu eskalatorlar Metropoliten tərəfindən xüsusi nəzarət altındadır:
“Səbəbi nasazlıq deyil. Sadəcə olaraq, eskalator bir neçə gündür ki, real sərnişin gücü altında işləyir. Texniki normativin tələblərinə uyğun olaraq, həmin eskalatorlar nəzarət altında saxlanılır. Əgər onlarda hər hansı nasazlıq olarsa, bu problem iki dəqiqə ərzində həllini tapmaz”.
Nihadə Eyyubova / Redaktor.az












