2022-ci ilə qədər bütün qəsəbədaxili yollar təmir olunacaq - Anar Nəcəflidən AÇIQLAMA

 12:04 21.09.2019     863

Qəsəbədaxili yolların təmiri işlərini "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi (AYYDA) həyata keçirəcək.

Bəzi asfaltlanma işlərinin həyata keçirilməsinə baxmayaraq, bu gün qəsəbə və məhlədaxili yollarda vəziyyət o qədər də ürəkaçan deyil.

Yayda tozlu, qumlu, qışda isə palçıqlı olan bu yollar bizi ünvan başına çatdırır. Nəzərə alsaq ki, məhlədaxili yollar yerli icra strukturlarının balansındadır. Məhz bu səbəbdən də günahı adıçəkilən qurumların üzərinə atmalıyıq?

"Ölkə rəhbərliyi tərəfindən qarşımıza qoyulan tapşırığa əsasən, AAYDA qəsəbədaxili yolların təmiri işlərini də həyata keçirəcək”.

Bunu Redaktor.az-a açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, artıq ilin əvvəlindən başlayaraq qəsəbədaxili yolların, küçələrin təmirini AYYDA tərəfindən həyata keçirir:

“Proses mərhələli şəkildə 2022-ci  ilə qədər həyata keçiriləcək. Bununla bağlı dövlət proqramı hazırlanıb. Bakı şəhəri və onun qəsəbələrini əhatə edən dövlət proqramı və həmin proqrama əsasən ilin əvvəlindən başlayaraq, qəsəbədaxili yolların təmirinə start vermişik. Kifayət qədər də irimiqyaslı işlər həyata keçirilir. Bu günə qədər həmin yollarla bağlı belə bir böyük həcmdə təmir işləri aparılmayıb.

Qeyd edim ki, ilin  sonuna kimi 800 min kvadrat sahənin təmiri nəzərdə tutulur. Xətai rayonunda indiyə kimi 14 kilometrə yaxın 7 küçədə təmir işləri aparılıb. Hazırda iki küçənin təmiri davam etdirilir. 12 kilometrə yaxın uzunluğu olan daha 11 küçədə təmir nəzərdə tutulur. Bu işlər mərhələli şəkildə aparılır. O cümlədən, digər rayonlar üzrə də bu işlər davam etdirilir. İlk növbədə vətəndaşların ən çox istifadə etdiyi yollar, sonrakı mərhələdə digər yolların təmiri başlanacaq".

A. Nəcəfli əlavə edib ki, hələ ki, Xəzər, Xətai rayonundakı yollar, Kürdəxanı qəsəbəsində isə 122 küçə təmir olunub:

“Burada torpaq örtüklü, çınqıl əsaslı palçıq yollar olub”.

Nihadə Eyyubova/ Redaktor.az