“Qaynanam filan söz dedi”, “ Baldızım evimi yıxdı”... - İctimailəşən "AİLƏ DƏYƏRLƏRİ" hara gedir?!

 18:04 23.09.2019     1682

Bu gün gizlicə qeybət etməyə ehtiyac yoxdur. “Ərim filan hərəkət etdi”, “Qaynanam filan söz dedi”, “ Baldızım evimi yıxdı” kimi cümlələr artıq açıq-aşkar hamıya deyilir.

Ailədə baş verənlər sirr olaraq qalmır. Televiziya verilişləri də bu cür ailələrə açıq tribuna verir. Hansı kanalı açsan, bu tip ailələr üsyan edib, ekspertlərdən imdad diləyirlər. 

Bəs maraqlıdır ki, son illər ictimai qınaq anlayışı niyə yoxa çıxıb? Bu problemlərin efirlərə qədər gedib çıxmasında səbəb nədir?

Sosioloq Əhməd Qəşəmoğlu Redaktor.az-a açıqlamasında bunu xoşagəlməz hal adlandırıb:

“İndi ailələrimizdə problem hədsiz çoxdur. Əvvəllər ailələrdə bu qədər problemlər olmurdu. İndi Azərbaycanda hər 100 evlənəndən  25-27-si boşanırsa, bundan ikiqat çox ailə isə gərgin vəziyyətdə yaşayır. Azərbaycanda normal 20 ailə var, bəlkə də yoxdu. Ailələri bu bəladan qurtarmaq lazımdır. Təcili olaraq bu işlərə müdaxilə etməliyik. Təəssüf ki, insanlar bu işlərə necə müdaxilə edəcəklərini bilmirlər. Bunu bilmək üçün elmi təminat lazımdır. Elmdən istifadə etmək lazımdır. Avropada sosial sferaların tənzimlənməsi  ilə bağlı elm sahələri formalaşıb inkişaf etməkdədir. Bizdə bu elm sahələrindən xəbəri olan yoxdur. İndiki vəziyyətdə Azərbaycan ailəsinin qarşısında hansı konkret hədəflər dayandığını  bilməliyik. Sonra da həmin hədəflərə çatmaq üçün işlər görülməlidir. Bunun əsasında fəaliyyət proqramı olmalıdır. O zaman bilmək olar ki, qanunvericilikdə hansı dəyişiklikləri etmək olar.

Sosioloq bu problemin aradan qaldırmaq üçün sosial iş xidmətinin yaradılmasını zəruri bilib:

“Bizdə sosial iş xidməti olmalıdr. Bu sahədə çalışan işçilər həmin problemli ailələrlə danışmalıdır. Bu xidməti müasir dövr, mürəkkəbləşən cəmiyyət tələb edir. Dəfələrlə bu məsələni qaldırmışam, amma nə dövlət qurumları, nə qanunverici orqanlar, nə də icra strukturları tərəfindən maraqlanan yoxdur. Bunu hansısa xanəndə, yaxud deputat desəydi, indi səsə-küyə salmışdılar.

Sadə cəmiyyətdə bunlara o qədər də ehtiyac olmur. Məsələn, 100 il əvvəl hansısa bir dağ kəndində buna ehtiyac yoxdur. Bunlar olmadıqda, bu cür əcaib məsələlər ortaya çıxacaq".

Sosioloq bildirib ki, sosial davranışlardan hansısa biri pozulanda, bu cür vəziyyət meydana çıxır:

“Sosial davranışlardan biri insanın xisləti, mentalitet, ikinci mühit, üçüncü alınan informasiya, dördüncü üstünlük verilən dəyərlərdir. Bunu 4 amildə araşdırmalıyıq.

Psixoloq Elnur Rüstəmov isə hesab edir ki, ailə problemlərini qabardan əksər insan reklam olunmaq istəyir:

“Bu cür problemlər təkcə dünya görüşü məhdud olan ailədə baş vermir, oxumuş, təhsilli ailədə də baş verir. Sadəcə həmin tip ailələrdə bu məsələlər ictimailəşmir. Bəzən görürsən ki, adam haqsızdır, özünü haqlı kimi göstərmək istəyir. Son zamanlar müşahidə edirəm ki, bu prosesi ictimailəşdirməkdə də məqsəd qarşı tərəfdən heyif almaqdır. Çox vaxt da qarşı tərəf haqqında doğru olmayan informasiyalar səsləndirilər.  Bu problemin həllində əsas iş maarifləndirmə aparılmalıdır. Konflikt varsa, bilməlidirlər ki, hara və kimə müraciət etmək lazımdır".

E. Rüstəmovun sözlərinə görə, ictimai qınaqdan ehtiyat etməyərək, ailə probleminin həlli üçün mediyaya üz tutan şəxlərin psixologiyaları müxtəlifdir:

“Biri-birini təhdid edir, şantaj edir. Onlar üçün fərqi yoxdur, adı pis, ya da yaxşıyla hallanacaq. Təsəvvür edin ki, adam çıxıb deyir ki, siz elə edin ki, mənim  həyat yoldaşım Bakıya gələ bilməsin. Ancaq rayonda otursun, evdən çölə çıxmasın. Onlar bu düşüncədə olan adamlardır".

E. Rüstəmov qeyd edib ki, artıq belə hadisələr dərinləşdikcə, onlara reaksiya da azalacaq:

“Bu gün boşanma adi hala çevrilib. İnsanlar kriminala, "18+" xəbərləri oxuyurlar, sabah onun bir əhəmiyyəti olmayacaq, onunla insanın diqqətini çəkə bilməyəcəyik. İndi Avropanın özü də o dəyərlərə qayıdır. Onlar da dəyərlər üzərindən ideologiyanı formalaşdırırlar, biz də o istiqamətdə gedirik”.

Nihadə Eyyubova / Redaktor.az