Xırdalanın "YAMAQLI" yolları - Bütün küçələr asfaltlanmayacaq / AÇIQLAMA

 10:59 24.09.2019     3509

"Pis günün ömrü az olar" deyirlər. Yayda toza-torpağa, qışda isə palçığa döz ki, bəs, şəhərimizin yolları, küçələrimiz asfaltlanır.

Dözək, görək, nə olacaq? İşin sonuna gəlhagəldə məlum olur ki, sən demə, sakinlərin qurduğu xəyallar mənasızmış. Vurulan yeni asfalt qatı ya yamaq şəklindədir, ya da ki nazik.

Xırdalanın mərkəzi küçələri uzun müddətdir bu problemdən əziyyət çəkir. Belə ki, şəhərdə su-kanalizasiya sisteminin yenidən qurulması şəhərin mrəkəzi küçələrinı tamamilə sıradan çıxarıb. Qazılan asfalt örtüyü tamamilə yenilənmək əvəzinə, "yamaq" halında sakinlərin ixtiyarına verilib.  

Görəsən, yeni asfaltın bu şəkildə çəkilməsində məqsəd nədir? 

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli Redaktor.az-a bildirib ki, "Azərsu" ASC tərəfindən 2017-ci ilin iyul ayında Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenilənməsi işinə başlanılıb:

"Bu günə kimi 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda kanalizasiya xətti çəkilib. 373 ədəd yanğın kranı yol kənarlarına quraşdırılıb. 21 659 ev birləşməsi aparılıb. 7 640 ədəd fərdi sayğac quraşdırılıb. Nəzərdə tutulan işin 80%-i icra olunub". 

Asfalt örtüyünün yenilənməsi sualına gəlincə, qurum sözçüsü bildirib ki, layihə çərçivəsində asfaltlanma işləri rayon icra hakimiyyəti tərəfindən deyil, "Azərsu" ASC tərəfindən aparılır. Prosesin hansı qaydada aparılması da o quruma aiddir.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məsələyə aydınlıq gətirib:

"8 metrlik eni olan yolda su xətti çəkirik. Orada borunu yerləşdirmək üçün 1 metr yer qazırıq. Borunu basdırıb, üstünü kipləşdirəndən sonra həmin qazılan yerə asfalt döşənir. Əksər məhəllələrdə sakinlər bizdən tələb edirlər ki, bütün küçəni başdan-başa, hətta həyətləri tam şəkildə asfaltlayaq. Amma podratçı şirkətlə "Azərsu" arasında bağlanmış müqavilədə göstərilib ki, ancaq qazılan yerlərə asfalt vurulacaq. Podratçı və ya "Azərsu" öz daxili maliyyə hesabına bütün yolu asfaltlamalı deyil. Elə yollar var ki, biz müdaxilə etmədən öncə asfalt örtüyü dağılmış vəziyyətə olur. O ərazilərin də təmirə ehtiyacı, bunu da biz etməli deyilik. Biz yalnız qazılmış zolağa cavabdehik".

Asfaltın nazik qatla örtülməsinə gəlincə, qurum rəsmisi bildirib ki, asfalt örtüyü tam olaraq əvvəlki qalınlıqda bərpa edilir: 

"Bununla bağlı narahatlığa səbəb yoxdur. İşlərin birinci mərhələsinin 80%-dən çoxu icra olunub. Gələn ilin əvvəlinə yekunlaşması gözlənilir. Layihəyə əsasən 108 km kanalizasiya, 175 km isə su xətti dəyişdiriləcək".

Qeyd edək ki, Xırdalan şəhərinin su-kanalizasiya sisteminin genişləndirilməsi və yenidən qurulması işləri 2017-ci ilin iyul ayında başlasa da layihənin 2019-cu ilin iyul ayında bitəcəyi gözlənilirdi.

Nihadə Eyyubova / REDAKTOR.AZ