Bağça əslində neçə yaşdan başlayır? - AÇIQLAMA

 15:07 24.09.2019     5410

Bu gün işləyən xanımların əksəriyyəti övladlarını bağçaya qoyarkən yaş problemiylə üzləşir.

Belə ki, bəzi bağçalar uşaqların qəbul edilməsində yaş məhdudiyyəti qoyur. Bəzilərində bu hədd 1 yaş yarım, bəzilərində 2, bəzilərində isə 3 yaş olaraq göstərilir.

Maraqlıdır, bağçalardakı yaş həddi qanunvericiliklə tənzimlənirmi?

Hüquqşünas Gülşən Salmanova Redaktor.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə yaş həddiylə bağlı məhdudiyyət yoxdur:

“Hər bağçanın özünün fərdi strukturu var. Bağçada körpə yaşa qədər qrup varsa, təbii ki, uşaq bağçaya verilə bilər. Bu qruplar hər bağçada olmur. Uşaqların neçə yaşından bağçaya getməsi ilə bağlı qanunvericilikdə heç bir qadağa yoxdur”.

2 və 3 yaşdan aşağı uşaqların bağçaya qoyulması psixoloji tərəfdən onalara necə təsir edir?

Psixoloq Narınc Rüstəmova bildirib ki, zərurət olduqda uşaqlar on səkkiz aylığından etibarən bağçaya qoyula bilərlər:

“Amma bu müddətdən tez olmaz. Bəzən valideynlər övladlarını bir yaşından bağçaya verir. Bu, qəti şəkildə düzgün deyil. Uşaq bu yaşlarda tez-tez xəstələnir və bu yaşda olan uşaqda ana aslılığı var. Uşaqlarda yaş yarıma qədər aparıcı fəaliyyət emosional ünsiyyətdir". 

O, həmçinin əlavə edib ki, hər bir uşağın bağçaya getməsi mütləqdir:

“Uşağın sosial, dil inkişafı üçün mütləq bağça lazımdır. Heç olmasa saat birə qədər uşaqlar bağçalara getməlidir. Bağçaya gedən və getməyən uşaqlar arasında çox fərq var. Bağçaya getməyən uşaqlarda məktəbəhazırlıq dönəmidə çətinliklər özünü göstərir. Onlar daha utancaq olurlar, ünsiyyət problemləri yaranır. Uşağın hansısa allergik, psixosamatik və nevroloji statusu yoxdursa, 3 yaşından bağçaya getməsi üçün heç bir əngəl yoxdur”.

Nihadə Eyyubova / Redaktor.az