Banklarda ZAMİN olanlar OXUSUN! - Haqqınızı tələb edə bilərsiniz

 16:45 25.09.2019     1203

“Daha özümə söz vermişəm, heç kimə bankda zamin durmaram. Mən buna kömək etmək istədim, gör, bu neynədi. Başımı saldım bəlaya, ödədim borcunu. Kompensasiyanı isə mən yox, borcun sahibi kimi o aldı. İndi də, aldığı, mənim ödədiyim pulları qaytarmır”. Bu, dostu üçün zamin dayanan bir nəfərin peşmanlıq hissidir. Amma təəssüf ki, bu bir deyil, yüzlərin ifadəsidir...

Əslində, vətəndaşın üzləşdiyi bu halın bir izahı varmı? Daha doğrusu banklarda kimlərəsə zamin olan insanlar bu tip problemlərini necə həll etməlidir? Zaminin hüquqlarının qorunması baxımından, parlament hansısa addım ata bilərmi?

Millət vəkili Vahid Əhmədov Redaktor.az-a açıqlamasında bildirib ki, krediti kim götürürsə, deməli vəsait onun adınadır və bu baxımdan kompensasiya o şəxsə verilməlidir: “Zamin kredit götürənlə kredit verən arasında olan əlaqələndiricidir. Ona görə də, qanunda belə bir məsələ nəzərdə tutulmayıb ki, zaminə müəyyən qədər vəsait verilsin, ya verilməsin. Artıq, o kredit götürən şəxslə zamin arasında olan məsələdir. Düşünürəm ki, bunun qanuni  şəkildə həll edilməsinin də əhəmiyyəti yoxdur. Çünki proses yekunlaşmaq üzrədir”

V.Əhmədov həmçinin əlavə edib ki, əgər şəxs qanunla krediti almayıbsa və zaminə pul vermək istəmirsə, belə olan halda məhkəmə kreditə həbs qoya bilər. Yox, əgər vəsaiti alıbsa, problem kredit götürənlə zamin arasında həll olunmalıdır.

V. Əhmədovun sözlərinə görə, kredit götürən şəxs zaminə pulu ödəməkdən imtina edirsə, bu zaman zamin məhkəməyə müraciət edə bilər.

Bank sahəsi üzrə ekpert Əkrəm Həsənov hesab edir ki, bu məsələdə zaminin hüquqları pozulmuş olur:

 “Təəsüf ki, 28 fevral tarixli fərmanda boşluq var. Həqiqətən kreditlər üzrə borc zamindən tutulubsa təbii ki, kompensasiya da borc alana yox, zaminə  ödənməlidir. Amma fərmanda nəzərdə tutulmadığı üçün bu məsələ çoxlu suallar doğurur. Kompensasiya borc alana ödənilir və buna görə də zaminlər nə etməlidir? Ümumiyyətlə, hətta bu fərman olmasa belə, qanunvericilik deyir ki, əgər zamin borclunun yerinə ödəniş edirsə, sonra zamin o ödədiyi pulu məhkəmə qaydasında borcludan tələb edə bilər. Bu halda da faktiki olaraq zaminlər bu hüquqlarından istifadə etməlidir və o, borc alandan vəsaiti geri tələb etməlidir. Amma bu fərmanda nəzərdə tutulsaydı, daha yaxşı olardı”

Ekspert hesab edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə müdaxilə etsəydi, yaxşı olardı:

“Palata fərmanın əsasında qaydalar hazırladı. Aprel ayında da təsdiq edildi. Həmin o qaydada heç olmasa qurum nəzərdə tuta bilərdi ki, krediti zamin ödəyibsə, kompensasiyanı da zaminə vermək lazımdır. Amma təəssüf ki, Palata bunu etmədi, belə olan halda yeganə yol, problemin şəxslərin öz arasında həll olunmasıdır".

Qeyd edək ki, problemli krediti olan vətəndaşlara kompensasiya ödənişi xeyli vaxtdır ki, həyata keçirilir. Proses Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq aparılır.

Nihadə Eyyibova/ Redaktor.az