Gözləmə zalına QARABAĞ adı niyə verilib? - BNA-dan RƏSMİ CAVAB

 10:20 26.09.2019     1680

Bildiyiniz kimi, dünən Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışı olub.

Bakının qəsəbələrində yaşayanların şəhər mərkəzinə, həmçinin əks istiqamətə rahat hərəkətini təmin etmək məqsədilə yaradılan mərkəzdə gözləmə zallarından birinə “Qarabağ" adının verilməsi diqqət çəkib. Sosial şəbəkədə insanların etirazına səbəb bu məsələ gündəmə çevrilib. 

Maraqlıdır, gözləmə zalına niyə məhz Qarabağ adı verilib?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, "Qarabağ gözləmə zalı"nı yaratmaqda məqsəd Qarabağın təbliğidir:

“Niyə müsbət qarşılanmır? Müsbət qarşılanmamaq nəyə əsaslanır?! Qarabağ hamı üçün həssas olan məsələdir. Orada 10 gözləmə zalı var. Onlardan biri də "Qarabağ gözləmə zalı"dır. İndi bu adamlarda vətənpərvərlik hisləri baş qaldırıb?! Qarabağ adında bütün küçələrdə əyləncə mərkəzləri var. Ona bir söz deyə bilirlər?! Biri mənə dünən deyir ki, oradan Qarabağa avtobus getmirsə, onda niyə Qarabağ adı qoymusunuz? Qarabağ adında təyyarə var. Xankəndinə uça bilir? Yox. İnsanlar deməyə başqa söz tapmırlar. Bunu deyənlər, bu cür həssas məsələdən şou düzəldənlər birbaşa dövlətin vətəndaşların rahatlığı üçün  gördüyü işlərə kölgə salmaq istəyən təxribatçılardır".

Nihadə Eyyubova / REDAKTOR.AZ