"Xalqın vətənpərvərlik hissinə ciddi təsir edir” - Deputat BNA-nı QINADI

 13:51 26.09.2019     697

Ötən gün istifadəyə verilən Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində gözləmə zallarından birinə Qarabağ adının verilməsi  nəinki sadə vətəndaşlar, ölkənin tanınmış, ziyalı təbəqələri arasında da qıcığa səbəb olub.

Məsələ ilə bağlı millət vəkili Tahir Kərimli Redaktor.az-a açıqlamasında bildirib ki, atılan addım pis nümunədir:

“Burada Qarabağ həsrəti səbəb kimi götürülürsə, bunu qınayıram. Təəssüf edirəm ki, bəzi şadlıq saraylarına işğal olunmuş ərazilərimizin adları verilir. Şuşa, Qubadlı və digər adlarda... Buna oxşar bir addım atılırsa, şiddətli dərəcədə qınayıram. Bu, qeyri-ixtiyari olaraq, natamamlıq, aşağılıq, kompleksi gətirir. Necə yəni, Qarabağı gözləmək?! Qarabağı almaq lazımdır. Bu dövlətin vəzifəsi, Azərbaycan millətinin də istəyidir".

Deputat Bakı Nəqliyyat Agentliyinə sözügedən zala başqa bir adın verilməsini təklif edib:

“Bakı Nəqliyyat Agentliyi başqa ad tapıb, qoya bilərdi. Belə olan halda insanlar özü də bilmədən bir növ xalqa təsəlli verib ki, Qarabağı yaddan çıxarmırıq. Amma Qarabağı bu cür yadda saxlamaq digər tərəfdən də vəzifəmizi unutdurur. Xalqın vətənpərvərlik hissinə ciddi təsir edir”.

Nihadə Eyyubova/ Redaktor.az