Telefonunuzda "SET" yoxdur? - Nazirlik səbəblərini AÇIQLADI

 11:23 27.09.2019     1575

Bəzi ucqar kəndlərdə bu gün mobil rabitə ötürücülərinin siqnalı zəif işləyir.

Şəkinin Baqqal kənd sakinləri də mobil şəbəkənin zəifliyindən narazıdır. 600-ə yaxın sakinin yaşadığı bu kənddə mobil şəbəkə zəif olduğu üçün insanlar doğmalarıyla danışmaqda çətinlik çəkirlər. 

Qeyd etdiyimiz kimi, bu gün nəinki Baqqal kəndi, əksər kəndlərdə mobil rabitənin durumu ürəkaçan deyil. Belə olan halda sual yaranır:

Mobil siqnalı ötürən qurğular hansı parametrlərə uyğun olaraq qurulur? Prosesə nəzarət sistemi kimin əlindədir?

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Redaktor.az-ın sorğusuna belə cavab verib:

"İstifadəçilərin keyfiyyətli, dayanıqlı mobil rabitə xidmətləri ilə təmin edilməsi məqsədilə şəbəkələrin qurulması və genişləndirilməsi mobil operatorlar tərəfindən ilkin araşdırmalara əsasən aparılır. Xidmətlərə olan tələbat, relyef, təhlükəsizlik, ekoloji və texniki standartlar, həmçinin investisiya imkanları nəzərə alınmaqla proses həyata keçirilir. Şəbəkə planlanması zamanı mövcud tutum nəzərə alınmaqla tələb olunan sayda baza stansiyaları quraşdırılır. Həmçinin, respublikanın mobil şəbəkə mövcud olmayan ərazilərinin əhatə edilməsi, şəbəkədəki kəsintilərin minimuma endirilməsi, 2G/3G/LTE şəbəkə üzrə xidmətləri dəstəkləyən vahid avadanlıqların təchiz edilməsi, səs, video və data xidmətlərinə olan tələbatın yüksək səviyyədə təmin edilməsi kimi məsələlər nəzərə alınır.

Nazirlik müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirən orqan olaraq bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət edir. Mütəmadi olaraq operatorlardan şəbəkənin genişləndirilməsi, inkişaf etdirilməsi, keyfiyyətinin artırılmasını tələb edir".  

Nazirlik məsləhət bilib ki, istifadəçilər mobil rabitənin əhatə dairəsi və xidmətlərin keyfiyyətində olan problemlər barədə konkret ərazilər qeyd edilməklə mobil operatorlara və Nazirliyə müraciət edə bilərlər.

Nihadə Eyyubova /  Redaktor.az