Adı "QARA SİYAHI"da olanlar nə vaxt "AĞ GÜN"ə çıxacaq? - AÇIQLAMA

 14:53 27.09.2019     721

Problemli krediti olan vətəndaşlara kompensasiya ödənişi xeyli vaxtdır ki həyata keçirilir.

Prosesin yekunlaşmasına az müddət qalsa da, kompensasiya ödənişi edilən vətəndaşların adları bankların “qara siyahı”sında hələ də qalmaqdadır. Bu da vətəndaşın növbəti kredit götürmə istəyini əngəlləyir.

Görəsən, banklar hələ də bu şəxslərin adlarını niyə kredit tarixçəsindən silməyiblər?

Millət vəkili Vahid Əhmədov Redaktor.az-a açıqlamasında bildirib ki, şəxsin problemli kreditlərə əlaqədar problemi yoxdursa,  bu işə nəzarət edən Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə həmin adamların adlarını siyahıdan çıxarmalıdırlar.Lakin böyük krediti olanların adları qalmalıdır. 

V. Əhmədovun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası artıq bu barədə göstəriş verib:

“Palata rəhbərliyi göstəriş verib, banklar kreditləri ödəyib qurtaran kimi həmin insanların adları “stop”dan çıxarılmalıdır. Lakin adları hələ də siyahıda qalan varsa, onlar haqqında mütləq məlumat verilməlidir. Çünki elə olan halda banka məktub göndərilir və həmin şəxslərin adları "qara siyahı"dan  çıxarılır".

Bank sahəsi üzrə ekpert Əkrəm Həsənov isə hesab edir ki, bu, bir tarixdir və tarixi silmək mümkün deyil:

“Burada mərkəzləşdirilmiş kredit reyestrindən və Azərbaycan kredit bürosunda vətəndaşın mənfi kredit tarixçəsindən söhbət gedir. Tarixçəni dəyişmək mümkün deyil. Orada əks olunur ki, nə vaxtsa bu vətəndaşın bankda problemi olub. Deyilmir ki, hazırda problemi var. Kredit tarixçəsi potensial borc verənlərlə, bank və bank olmayan kredit təşkilatları arasındadır.

Məsələnin başqa bir tərəfi odur ki, vətəndaşın kredit tarixçəsində mənfi halın olması, hətta bu gün də borcunun olması heç bir banka qadağan etmir ki, ona kredit verilməsin. Bank krediti verə bilər, amma sadəcə banklar baxır ki, bu vətəndaşın nə vaxtsa problemi olub. Bank sadəcə olaraq ehtiyatlı olur. Bankın öz daxili siyasəti var, nə vaxtsa problemi olanlara kredit vermiyəcək. O halda kredit verəcək  ki, yaxşı girov qoyulsun, yaxşı zamini olsun. Tarixçədə borcun kompensasiya, ya digər şəkildə bağlanması göstərilmir. Orada sizin probleminizin olduğu və ödənildiyi göstərilir. Kredit bürosunun yaranmasının məqsədi budur ki, hər kəs haqqında məlumat bazası olsun, kredit verən əziyyət çəkməsin”

Ekspertin sözlərinə görə, hazırda banklar çox kredit vermək istəmirlər:

“Bu gün bankların pulu azdır. Ümumiyətlə, kredit siyasətləri çox konservativdir, çox kredit vermək istəmirlər. Sabah 2005-2015-ci ilə qədər olan dövr təkrarlansa, inkişaf, gəlirlər çox olsa həmin dövrdə banklar müştəri uğrunda mübarizə aparıb, çox kredit verməyin tərəfdarı idilər. O halda  kredit tarixçələrinə heç kəs məhəl qoymayacaq. Daha çox adama kredit veriləcək. Bu gün isə banklar az kredit vermək istəyində olduqlarından problemsiz şəxslərə kredit verməkdə maraqlıdırlar”.

Qeyd edək ki, proses Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq aparılır.

Nihadə Eyyubova / Redaktor.az