Min bir dərdin dərmanı - Bal yarmarkasından REPORTAJ / Foto+Video

 12:33 30.09.2019     1242

Tofiq Bəhramov adına Respublika Stadionun düz yaxınlığındayıq. Məkana xeyli sayda adam toplaşıb. Onlar bu dəfə futbol oynuna baxmağa gələn azarkeşlər deyil. Məqsəd, məram başqadır. Onlar bal alıb, bal satacaqlar...

Hər il olduğu kimi bu gün də bal yarmarkası öz işinə start verib. Bu, ölkədə keçirilən bal məhsullarının 20-ci sərgi-satış yarmarkasıdır. Bu il 37 rayon üzrə 321 arıçı qeydiyyata alınıb. Hər arıçıya 400 kq arıçılıq məhsulu çıxarılmasına icazə verilib. Bu il isə ən çox Şəki, Qax, Zaqatala, Astara bölgəsindən arıçılıq məhsulu paytaxta gətirilib. 

Yarmarkanı ilk gün giriş nitqi ilə Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov açıb.

Nazir müavini son vaxtlar ölkədə arıçılıq sahəsinin inkişafını xüsusi vurğulayıb:

“Arıçılıq Azərbaycanın qədim sahələrindən biridir. Dünyada arıçılığın  inkişafı sahəsində Qafqaz xüsusi yer tutur və təsadüfi deyil ki, Azərbaycanda olan iki arı cinsi dünyada məşurdur. Hesab edirik ki, aqrar sektorun inkişafında arıçılığın xüsusi yeri var. Bu sahənin dəstəklənməsi üçün ötən illərdə prezident İlham Əliyev xüsusi bir dövlət dəstəyi tədbiri müəyyən etdi.  Dövlət dəstəyi tədbirləri tətbiq olunduğu dövrdə arıçılıq, arı ailələrinin sayı təxminən 270 min ədəd təşkil edirdisə, ötən il bu göstərici artıq 503 minə çatıb. Bu, çox ciddi bir artımdır. Hesab edirik ki, bu cür irəliləyiş ölkənin ixrac potensialına da ciddi töhfə verəcək. Ötən illərdə 5-6 ton  məhsulun xaricə ixrac olunmasını, xüsusilə, balın Yaponiyaya ixrac olunmasını çox ciddi bir fakt kimi qeyd edirdikdisə, artıq bu rəqəm 8 tondan çoxdur”.

Onun sözlərinə görə,ötən il Azərbaycanda 3 min ton bal istehsal olunub:

“Builki bal istehsalı artıq min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda isə İordaniya ilə danışıqlar aparılır”.

Daha sonra  Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov çıxış edərək, belə bir yarmarkanın təşkilini xüsusi təqdirəlayiq hal olduğunu deyib:

“Bu gün hər bir arıçı kənddən öz keyfiyyətli arısını, kənd təsərrüfatı nazirliyinin və aidiyyatı qurumlarla birgə təşkil etdiyi yarmarkalara çıxartması, məhsulunun brend hala gətirməsi ən mühüm məqamdır. “Kənddən-şəhərə” layihəsi üzrə artıq bir neçə ünvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları həyata keçirilir. Onlardan  biri də Nərimanov rayonundadır. Bu gün bal yarmarkasının təşkil olunmasında rayon icra hakimiyyəti olaraq, işləri həyata keçirən bütün qurumlara təşəkkürümüzü bildiririk. Bu yarmarkada satılacaq balın hər biri keyfiyyətlidir və xüsusi labarotoriyalardan keçib”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, bu il də yarmarkaya təqdim olunmuş hər bir məhsul xüsusi mühafizə olunan anbara toplanır:

“Həmin anbarda hər bir adamın ayrı-ayrı qablardakı məhsulu kodlaşdırılır. Bundan sonra kodlaşdırılımış məhsullardan nümunə götürülür. Məhsullar kodlaşdırılmış formada labarotoriyaya daxil olur, analizlər aparılır. 3200-dən yuxarı bal nümunəsi analiz edilib. Nümunələrdən 562-si bu, təqribən 28 tona yaxın bal deməkdir, satışa  təqdim olunmuş məhsulun 18 faizə qədəri isə yarmarkaya buraxılmaqdan kənarlaşdırılıb. Bu məhsullar yarmarka başa çatana qədər saxlanılacaq və sonra sahibinə qaytarılacaq”.

AQTA əməkdaşı bildirib ki, ötən illərlə müqayisədə yarmarkaları müşahidə etdikdə qablaşma materiallarında təkmiləşmələr hiss olunur:

“Ancaq aliminium qablarda balın uzun müddət saxlanması onun keyfiyyətinin pisləşməsinə gətirib çıxarır. Bu, AQTA-nın tələblərinə uyğun deyil. Növbəti satış yarmarkasında bu cür qablarda olan bal satışa buraxılmayacaq”.

Açılış başa çatdıqdan sonra yarmarkaya daxil olub, arıçılarla tanış olduq. Vidadi adlı arıçı saytımıza bildirib ki, məhsullarını Astaradan gətirib:

“Astaradan gəlmişəm. Bal yarmarkasınnda iştirakım çoxdandır. Bu il də 400 kq bal gətirmişəm”.

Bəs məhsullar arasında arı südü varmı sualına gəlincə, o bildirib ki, budəfəki yarmarkaya arı südü gətirə bilməyib:

“Sifariş çatmır, onun müştəriləri çoxdur, arıdan çəkən kimi satılır. Maska üçün istifadə edilən arı südünün qramı 15 manata, daxilə qəbul üçün olanı isə 20 manata satılır”.

Digər bir arıçı Xanlar bəy isə Redakttor.az-a açıqlamasında balını Şəkidən gətirdiyini bildirib. O, həm də Şəki Arıçılıq Birliyinin sədridir:

"Balımız dağ, yaylaq, çəmən ballardır. Hər biri digərindən dadlıdır. Qiyməti 25-30 manat arası dəyişir".

Qeyd edək ki, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilən bal yarmarkası oktyabrın 18-dək davam edəcək. 

Nihadə Eyyubova / Redaktor.az

FOTO+VİDEO: Sərvan Şəldiyev

22222