Leş ətlər hansı DÖNƏRXANALARA verilir? - SƏRT TƏNQİD

 14:45 30.09.2019     950

“Leş Tofiq” və onun cinayətkar dəstəsinin saxlanılması cəmiyyətdə böyük rezonans doğurub.

Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanan yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub. Bu faktın ortaya çıxması insanlar arasında “Görəsən, yediyimiz dönər nə ətindədir?” şübhəsinin həqiqətə çevrilməsinə zəmin yaradıb. Məsələnin açılmayan tərəfləri isə hələ də var.

Nəzərə alsaq ki, 40 ton ətin paylaşım nöqtəsi 3-4 obyektlə kifayətlənə bilməz. Maraqlıdır, bəs o zaman bu qədər ət  hansı dönərxana və restoranlara paylanılıb?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, 40 ton əti tələb edənin tapılmaması onu göstərir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) işləri lazımı səviyyədə aparmır:

“AQTA onları tapmaq istəmir. Bu gün “leşçi”lərin mövcud olmasının səbəbi odur ki, onlara tələb var. Onu tələb edən kimdir?AQTA bunu tapmalıdır. 22 ildir, bu işlə məşğulam, leş ət hər yerdə satılır. Tələb edirik ki, son istehlakçıya çatdırılan yerlər tapılsın. Daxili İşlər Nazirliyi (DİN) həmin dəstəni ifşa etdi. AQTA, bu qədər ət hansı yerlərə gedib? Hər gün bu məsələ ilə bağlı mənə 10-12 zəng gəlir.  Bu ətin hara, hansı şadlıq evlərinə, hansı dönərxanalara verilməsinin adlarını soruşurlar. Məndə isə bu barədə məlumat yoxdur. AQTA ictimai təşkilatlarla əməkdaşlıq etmirlər. Dəfələrlə demişik, kollegiyada iştirak edək. Əsasnaməyə görə, ictimai təşkilatlar kollegiyada təmsil oluna bilər, lakin onlar ictimai təşkilatları yaxın buraxmırlar”.

E. Hüseynovun sözlərinə görə,  Azərbaycan Qida Təhlükəsizliyi  Agentliyi (AQTA)  təhlükəsiz qida istehsalı prosesini yerinə yetirə bilmir.

“Ölkə prezidenti tərəfindən AQTA-ya istənilən səlahiyyət verilib. Çoxsaylı labarotoriyalar, çoxlu dövlət orqanlarının səlahiyyətlərini özündə birləşdirir. Bu əsasnamə əsasında fəaliyyət göstərən AQTA əslində qidanın  təhlükəsizliyini tam təmin etmək səlahiyyətinə malikdir. Əlimdə bir sənəd var. AQTA-nın müəssisəyə verdiyi sənəddir. Sənədin adı yoxdur. Üzərində yazılıb ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi. İdxalçıya verdiyi sənəd bilinmir ki, sertifikatdır, ya idxal sənədidir. Heç bir adı yoxdur. Bu sənəd onu göstərir ki, AQTA mallara sertifikat verir. Üç gün öncə yaydığı başqa bir məlumatda isə göstərilir ki, sertifikat vermirik. Qida zəncirində iştirak edən  bütün subyektləri reyestrə daxil edirik. Bu, o demək deyil ki, onlar təhlükəli qida istehsal etməyə bilər. Reyestrə daxil olmaq hələ təhlükəsiz qida istehsal etməyə şərait yaratmır. Reseyestrə daxil olmaq o deməkdir ki,  sizi vaxtaşırı yoxlayacağıq. Amma o yoxlamalar arasında onlar təhlükəli qida istehsal edə bilər”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələyə münasibət bildirib. Qurumdan verilən məlumata görə, bu istiqamətdə araşdırma aparılır:

"İş istintaqdadır. Daxili İşlər Nazirliyi araşdırma aparır. O ət  hara verilib, şəbəkədə kimlər var, bu  istiqamətdə araşdırma aparılır. AQTA-dan məsələ DİN-nin səlahiyyətinə keçib".

Nihadə Eyyubova/ Redaktor.az