BNA Millət vəkili Tahir Kərimlinin ittihamlarına CAVAB VERDİ

 18:16 30.09.2019     3132

 Bakı Nəqliyyat Agentliyi (BNA) millət vəkili Tahir Kərimlinin  “ölmüş şəxsə cərimə yazıblar” fikrinə münasibət bildirib.

Redaktor.az bildirir ki, bu barədə qurumun mətbuat katibi Mais Ağayev "Facebook" hesabından açıqlama verib.

“Çox təəssüf. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Millət vəkili Tahir Kərimli çox gözəl bilir ki, inzibati tənbeh vermə haqqında qərar Mərkəzi İnformasiya Sisteminin məlumatları əsasında tərtib edilir. Vəfat etmiş şəxsin nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin müvafiq qaydada rəsmiləşdirməni icra etməlidir ki, belə hallar yaşanmasın. Məsələnin BNA-nın səhvi kimi parlamentin plenar iclasında səsləndirilməsi təəccüb doğrur. Millət vəkilinin sədri olduğu partiyanın qərargahı qarşısında nəqliyyat vasitəsini saxlaya bilməməsinə gəlincə bildirim ki, ərazidə dayanma və durmanı qadağan edən nişan varsa statusundan aslı olmayaraq hamı bu tələbə əməl etməlidir.Digər bir yandan partiya qərargahından piyada 10 dəqiqəlik məsafədə Qış parkı avtomobil dayanacağı yerləşir. Düşünürəm ki, Tahir müəllim nəqliyyat vasitəsini dayanacaqda park edib partiya qərargahına piyada getməklə digər vətəndaşlara da çox gözəl nümunə ola bilərdi".

 Qurum sözçüsü cərimələrdən faiz tutulmasına da aydınlıq gətirib:

“Dayanma-durma qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə görə ödənilən vəsaitlər Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət büdcəsinə daxil olur. BNA əməkdaşlarının əmək haqları cərimələrdən formalaşmır".

Qeyd edək ki, bugünkü parlament iclasında Millət vəkili Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən şikayətlənib.
 
Milli Məclisin payız sessiyasının ilk iclasında "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib ki, şəxsən o, Bakıda avtomobili saxlamaq üçün parklanma yeri tapa bilmir.
 

Millət vəkili bildirib ki, avtomobillər dayanma ilə əlaqədar dərhal cərimələnir və bu, insanlarda narazılıq doğurur: “Hətta bir ölmüş şəxsin vəsiqəsi əllərinə düşüb, götürüb ona cərimə yazıblar. Buna son qoymaq lazımdır”

Nihadə Eyyubova/Redaktor.az