Bakıda ÇİN SƏDDİNƏ bənzədilən piyada keçidi - Sakinlər niyə narazıdır? / RƏSMİ AÇIQLAMA

 13:10 01.10.2019     827

"Ukrayna dairəsi" adlanan ərazidə tikilməkdə olan yeni yerüstü piyada keçidi istifadəyə verilmədən artıq bəzi narazılıqların yaranmasına şərait yaradıb.

İnsanlar etiraz olaraq bildirirlər ki, yerüstü piyada keçidi nəinki qoca və əlillərə, hətta cavanlara belə yolu keçməkdə çətinlik yaradacaq. 

Maraqlıdır ki, keçidin bu formada tikilməsində səbəb nədir?

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Redaktor.az-a açıqlamasında bildirib ki, həmin piyada keçidinin maksimum hündürlüyü 5 metr ola bilər:

"Ümumiyyətlə, yerüstü piyada keçidi 5 metrdən hündür ola bilməz. Sözügedən ərzidəki keçiddə pilləkənlər elə qurulub ki, insanlar rahat şəkildə, yorulmadan pilləkənləri qalxa bilsinlər. Biri var 5 metrlik hissəni 10 pilləkənlə qalxaq, biri də var, 5 metrlik hissəni 20 pilləkənlə. Təbii ki, orada maillilik dərəcəsi var. Bu, insanlaın ayaqlarının yorulmaması üçündür. Başqa ölkələrdə piyada keçidləri inşa olunur və insanlar çox sevincək halda pilləkənlərdən qalxaraq, təhlükəsizliyi üçün keçiddən keçir və təşəkkür bildirirlər. Bizdə isə əksinə, deyirlər ki, özümü təhlükəyə atım, yoldan keçim, avtomobil vursun, xəsarət alım, təki mən o yolu pilləkənlə keçməyim. Belə yanaşma düzgün deyil".

Xaricdə də belə pilləkənli yerüstü keçidlər var. Düzdür, fiziki qüsurlu insanlar üçün ayrıca olaraq hissə düşünülüb. Amma sağlam insandırsa, istər uşaq, istər yaşlı, istər orta yaşlı, istərsə də cavan adam niyə o pilləkənlərdən istifadə edib, rahat yolu keçməsin?! Hələ həmin ərazidə tikinti yekunlaşmayıb, onun narahat olmasını haradan bilirlər? Biz hər şeyi çox rahat istəyirik. O keçidin qoyulmasında məqsəd o idi ki, həmin ərazidə tez-tez qəzalar baş verirdi. Sağlam insan üçün o keçid bir dağ, sipər yolunu oynamamalıdır".

Nihadə Eyyubova / Redaktor.az