Məktəbəhazırlıq qrupları uşaqlar üçün vacibdir? - Səbəblər AÇIQLANDI

 12:12 02.10.2019     929

Ötən gündən başlayaraq, dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.

Əksər valideynlər bu məşğələləri dəstəkləsə də, prosesin gedişatından narazı qalanlar da  var. Onlar bildirirlər ki, Təhsil Nazirliyinin atdığı bu addım alqışa layiq deyil və bu, uşaq beyninin vaxtından əvvəl yüklənməsinə səbəb olur. Hətta onu da qeyd edirlər ki, uşağın əlindən oyuncağını zorla alıb, əvəzinə qələm verilməsi çox pis yanaşmadır.

Doğrudan da, 5 yaşlı uşağın belinə çanta yükləmək, əlinə kitab-dəftər vermək olmaz?

Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Kamilə Əliyeva deyir ki, bugünkü uşaqlarla Sovet dövrünün uşaqlarını müqayisə etmək düzgün deyil:

"İndiki uşaqlar daha çox inkişaf ediblər. Bu səbəbdən erkən təhsilin tərəfdarıyam. Uşaqların hamısında inkişafın yaxşı getdiyini də demək olmaz. Elə uşaqlar var ki, müəyyən xəstəlik və patalogiyalarla bağlı olaraq, onlarda inkişaf gec gedir, qavrama qabiliyyəti zəif olur. Bu sadaladığımz  əlaməti valideyn öz övladında müşahidə edirsə, o, uşaq məktəbəqədər məşğələyə qoyulmaya bilər. Ümumilikdə, uşaqların erkən dövrdə qavrama qabiliyyəti çox yaxşı olur, bu baxımdan məktəbəqədər dövrün olmasının leyihənəyəm”.

Psixoloq Narınc Rüstəmova isə əlavə edib ki, uşağın psixi, fiziki, nitq inkişafı yaşına uyğundursa, onun 5 yaşından məktəbəqədər hazırlığa getməsində heç bir maneə yoxdur:

“Amma hər bir uşaq fərdidir. Ona görə də uşaq məktəbəqədər hazırlığa gedəndə komissiyanın  yoxlanışından keçir. Komissiya üçün individuallıq çox önəmlidir”.

Psixoloq qeyd edir ki, hiperaktiv  uşaqlar məktəbə nə qədər gec getsə, məktəb həyatı o qədər də uğurlu olar:

“Hiperaktiv uşaqlarda diqqət dağınıqlığı olur, məktəbəhazırlıq dönəmində bu uşaqların qavramaları yaxşı olsa da, diqqət problemi və davranış pozğunluqları ilə üzləşirlər. Burada həm də uşaqların intellekt yaşı önəmlidir. Bəzi uşaqlar var ki, onların intellekt yaşı normadan aşağı, bəzilərində isə normadan yüksəkdir. Qeyd edim ki, hazırda on uşağın ikisində yüksək zəkalı uşaqlara rast gəlinir”.

Psixoloq valideynlərə məsləhət verməyi də unutmayıb:

“Məktəb öncəsi valideynlər uşaqlarını psixoloji olaraq müayinədən keçirsinlər. Bununla bağlı testlər var, uşaqların həm psixoloji, həm də  pedaqoji səviyyələrini yoxlayırlar. Uşaqların erkən inkişaf qruplarına qoyulması isə məsləhət deyil. Çünki sonradan onların həm məktəbəqədər hazırlıq məşğələlərində, həm də birinci sinifdə oxumaq şansları boşa çıxacaq. Onlar təkrar oxumaq istəmirlər və uğursuzluqlarla üzləşirlər. Bu uğursuzluq da uşaqda kompleks, daxili aqressiya yaradır. Hər səhər süni şəkildə temperaturun artması, ürək bulantılarının olması, yataqdan qalxa bilməməsi kimi hallar müşahidə olunur. Onlar yatmaq istəmirlər ki, səhər açılacaq”.

Psixoloq erkən inkişaf qruplarının əleyhinə olsa da, uşaqların məktəbəqədər hazırlığa getməsini çox müsbət qarşılayıb:

“Uşaqların 5 yaşından məktəbəqədər hazırlığa qoyulması yaxşıdır, çünki o, həm fiziki, həm də əqli normal inkişaf edir”.

Təhsil Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, 2020-ci ilədək uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faizə qədər çatdırılması nəzərdə tutulub:

“Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması və 2020-ci ilədək uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faizə çatdırılması strateji hədəf kimi irəli sürülüb. Həmçinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda məktəbəhazırlıq mərhələsi  5 yaşlı uşaqların məktəb təliminə psixoloji hazırlığını təmin edən ilk mərhələsi kimi təsbit olunub. Məktəbəhazırlıq təhsilinin təşkilində əsas məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlılığını, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşmalarını, ilkin səviyyədə birgəfəaliyyət və ünsiyyət bacarıqlarına yiyələnmələrini təmin etməkdir. Bu, şagirdlərin yüklənməsinə deyil, əksinə psixoloji cəhətdən məktəbə hazır olmasına və bununla da ibtidai təhsilin keyfiyyətinə müsbət təsir göstərir, təhsil prosesində bərabər şəraitin yaradılmasına xidmət edir".

Qeyd edək ki, Təhsil Nazirliyinin yaydığı məlumata görə,  2019-2020-ci dərs ili üzrə dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı 5900-dən çox, qeydiyyatdan keçənlərin sayı isə 100 mindən artıqdır. Məktəbəqədər hazırlıq səviyyəsi 24 faizdən 75 faizədək qalxıb.

Nihadə Eyyubova / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən