"2025-ci ilədək bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq"

 13:53 03.10.2019     1047

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzində Litvanın Sosial Təminat və Əmək naziri Linas Kukuraitis ilə görüş olub. 

Redaktor.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, DOST mərkəzi hər gün orta hesabla 400-450 vətəndaşa xidmət edir. DOST mərkəzində əmək, məşğulluq, sosial təminat sahələri üzrə 132 növdə xidmət göstərilir.

Nazirin sözlərinə görə, 2019-2025-ci illərdə bütün ölkə üzrə 31 DOST mərkəzi yaradılacaq və həmin mərkəzlər 2,8 milyon şəxsi xidmətlərlə təmin edəcək.

Nazir Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi əsasında ölkəmizdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində dövlət xidmətlərinin “bir pəncərə”dən, şəffaf və operativ, vətəndaş rahatlığı və məmnunluğu prinsipi və sadə prosedurlar əsasında təqdim olunması mərhələsinə keçildiyini qeyd edib. S. Babayev Azərbaycanda ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini də vurğulayıb.

Litvalı nazir Linas Kakuraitis Azərbaycanda aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. O, sosial təminat sisteminin avtomatlaşdırılması, DOST konsepsiyasının tətbiqinin ölkənin bu istiqamətdə uğurla fəaliyyət göstərməsinin göstəricisi olduğunu qeyd edib.

Daha sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında” Saziş imzalanıb.

Qeyd edək ki, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu qeyd edilib, ikitərəfli əlaqələrin daha da genişlənməsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Tvinninq layihəsi çərçivəsində əldə olunan nailiyyətlərin inkişaf etdirilməsi məqsədilə litvalı ekspertlər tərəfindən dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.