DİQQƏT! Adınıza KREDİT götürülə bilər - SAXTA ZAMİNLİK

 10:37 04.10.2019     1251

“Kiminsə şəxsiyyət vəsiqəsi, pasportundan heç kim istifadə edə bilməz”.

Bunu Redaktor.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov "Şəxsiyyət vəsiqəsi itdiyi təqdirdə, başqası hər hansı bir məqsədlə ondan istifada edə bilərmi?" sualına cavabında bildirib.

Onun sözlərinə görə, bir vətəndaşın adından başqası heç nə edə bilməz:

"Çünki müqavilə bağlamaq lazım gələndə vətəndaşın imzası gərək olur. Yalnız imzanı saxtalaşdırıb etmək olar. Bu da cinayətdir və ekspertiza bu əməlin üstünü açır”.

Hüquqşünasın sözlərinə görə, bank işlərində zaminlik müqaviləsi zamanı şəxsiyyət vəsiqəsinin surətindən istifadə etməklə müqaviləyə saxta qol çəkmək mümkündür:

“Bəzən bank işlərində kredit götürülən zaman saxta zaminlik müqaviləsi bağlanır. Bir müddətdən sonra vətəndaşın kiməsə zamin durmasıyal bağlı ona bildiriş gəlir. Vətəndaş həmin şəxsi tanımadığını, zamin olmadığını bildirir. İş ilə tanış olan zaman isə vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən istifadə edildiyi məlum olur".

Hüquqşünas əlavə edib ki, saxta imzanı ayırd etmək üçün xətşünaslıq ekspertizası keçirilir:

"İmzanın vətəndaşa məxsus olmadığı bu zaman məlum olur. Kiminsə şəxsiyyət vəsiqəsini kimsə saxlayırsa, ona məsuliyyət düşür"

Əkrəm Həsənov iddia edir ki, saxta imzalardan adətən bank işçiləri istifadə edir:

“Kredit mütəxəssisi deyir ki, bankın daxili qaydalarına görə kredit almaq istəyən şəxsin zamini olmalıdır. Vətəndaş da deyir ki, zamini yoxdur. Müəyyən məbləğ miqdarında bank işçiləri əllərində olan şəxsiyyət vəsiqələrinin surətləri hesabına yalan zaminlik müqaviləsi tərtib edir. Üstəlik də bank həmin  bank işçisinə mükafat verir. Kredit vaxtında ödənilirsə, bu məsələ açılmır. Yox, vaxtında ödənilməyəndə, problem olanda məhkəmə işə qarışır. Bu zaman məsələ ortaya çıxır. Əksər hallarda bu saxtakarlğı tapmaq  mümkün olmur: Çünki zaminlik müqaviləsini bank filialı həyata keçirir. O da gündə 10-15 müqaviləyə qol çəkir. Bu səbəbdən bankın daxilində saxtarlığı edən bilinmir. Bu  prosesə əməliyyat riski deyirlər. Bu əməliyyat riskləri banklarda düzgün idarə olunmur. Əksəriyyətində bu proses düzgün qurulmayıb. Maraqlısı odur ki, belə işlər üzə çıxanda məhkəmələr xüsusi qərarlar çıxarmalıdır. Məsələ araşdırılsın, cinayət işi açılsın, Baş Prokurorluğa göndərilsin, amma məhkəmələr bunu etmir. Çünki banklar bu məsələdə maraqlı deyil. Mən belə olan halda vətəndaşa məsləhət görürəm ki, ona dəyən mənəvi zərəri tələb etsin. Vətəndaşlar bu işin arxasınca getmirlər, amma burada dələduzluq, saxtakarlıq faktları var. Saxta imzanı oxşar çəkə bilmədikləri üçün ekspertiza tez tapa bilir. Problem o vaxt olacaq ki, saxta imza əsl imzaya oxşasın”.

Nihadə Eyyubova/ Redaktor.az