Xəzər adalarında seysmik cihazların quraşdırılacağı tarix BƏLLİ OLDU - Açıqlama
Baş verə biləcək təbii fəlakəti öncədən öyrənmək məqsədilə bir neçə il öncə ölkəyə xaricdən bəzi dənizdibi seysmik cihazlar gətirİilib.
Lakin Xəzər dənizinin Azərbaycan sektorunda bu cihazların quraşdırılması indiyədək mümkün olmayıb.
Maraqlıdır, proses niyə ləngiyir?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, proses gələn ildən həyata keçiriləcək:
"Həmin cihazlar Xəzərin adalarında quraşdırılacaq. Proses amerikalılar tərəfindən 2022-ci ilə qədər davam edəcək. Bu bir qrant layihədir, gələn ildən həyata keçiriləcək. Orada quyular qazılmalıdır. Layihə üzrə şəbəkənin genişləndirilməsi nəzərdə tutulur. Cihazların hamısı quyuların içində olacaq. Cihazların əsas funksiyası yerin daxilində gedən bütün silsilə proseslərin hamısını izləmək olacaq. Burada seysmologiyanın ayrı-ayrı elmi cəhətdən təhlili, dalğa surəti, baş verən zəlzələnin mexanizmi, seysmik tomoqrafiya işləri, neft-qazla bağlı gərginlik vəziyyətini aydınlaşdırmaq işləri, həmçinin deformasiyanın hansı yerdə getdiyi, dərinlik quruluşu, seysmik kommunikasiya kimi amillər öyrəniləcək. Eyni zamanda, dənizin dibi ilə gedən neft qaz boru kəmərləri, seysmik riskin qiymətləndirilməsi, baş verən zəlzələnin bütün parametrləri ilə təyin edilməsi kimi işləri həyata keçirəcək".
Nihadə Eyyubova / Redaktor.az