Ciddi nəzarət olunsaydı... - Təxribatın arxasındakı QARANLIQ MƏQAM

 15:32 04.10.2019     831

Xəbər verdiyimiz kimi, dünən Avropa Liqasının qrup mərhələsində Lüksemburqda oynanılan "Düdelanj" - "Qarabağ" (1:4) oyunu ilk hissədə erməni təxribatı ilə əlaqədar dayandırılıb.

Buna dron vasitəsilə stadionun üzərində qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağının qaldırılması səbəb olub. Baş verən hadisə hər kəsdə bir qıcıq yaradıb.

Maraqlıdır, təhlükəsizlik tədbirlərinə baxmayaraq, dron stadiona necə qaldırılıb? 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, dronların ən pis tərəfi terror məqsədilə istifadə olunmasıdır:

“Dünyanın bütün ölkələrində hazırda dronlara böyük maraq yaranıb. Hətta ad günlərində uşaqlara dron hədiyyə edirlər. Bu süni intelllekt texnologiyasının ən pik nöqtəsidir. Müəyyən şirkətlər dronlardan kommersiya məqsədləri üçün istifadə edir. Onlar kino, film, reklam çəkilişlərində lazım olur. Lakin ondan başqa məqsədlər üşün də istifadə edənlər az deyil. Belə ki, bu gün pis niyyətli, terrorçu, kriminal sahəyə meyilli olan insanlar niyyətlərini həyata keçirmək üçün dronlardan  istifadə edirlər. Buna görə dünyada dronla mübarizə üsulları axtarılır. Son vaxtlar dronla törədilən terror hadisələrinin sayı artıb. Cinayət tərkibli hadisələrin törədilməsində dronlardan istifadə edirlər”.

“Dünənki futbol oyununda dronla stadiona “bayrağ”ın qaldırılması onu göstərdi ki, dronların təhlükə mənbəyi  olması problemi hələ də həllini tapmayıb”, - deyə ekspert bildirib:

“Dron yenə də təhlükə mənbəyi olaraq qalır. Təsəvvür edin, dronda həmin bayraq yox, digər bir partlayıcı maddə, yaxud yandırıcı, kimyəvi, havaya buraxılan zəhərli qaz ola bilərdi. Bu, minlərlə insanın həyatını təhlükəyə atacaqdı”.

Ekspert bildirib ki, bir sıra Avropa ölkələrində drona qadağa qoyulub:

“Azərbaycanda da hamı asanlıqla dron ala bilməz. Bunun alınması üçün bir neçə qurumun icazəsi lazımdır. Dünyanın hər yerində dronla bağlı müəyyən mübarizə üsulları həyata keçirilir. Bu üsullar da bugün üçün kifayət deyil. Çünki bu, texnologiyanın inkişafının ən üst səviyyəsidir”.

Ekspert vurğulayıb ki, əvvəllər dronlardan hərbi məqsədlər üçün istifadəsi nəzərdə tutulub:

“Daha sonra dronlar mülki işlərdə sınaqlardan keçməyə başladı. Avropanın bir sıra ölkələrində hər evdə bir dron var.  Müasir dronların inkişaf mexanizmi o qədər genişdir. Elə dronlar var ki, 40 kiloqrama qədər yükü qaldıra bilər. Hətta dronlardan insanların şəxsi həyatına müdaxilə kimi də istifadə edilir. Məsələn, drona kamera yerləşdirib, kiminsə həyətini müşahidə etmək olar. Bu, birbaşa şəxsi həyata müdaxilədir, hansı məqsədlə edilməsi məlum deyil”.

E.Nurəliyev  bildirib ki, dünənki hadisədəki dron stadiona kənardan keçirilib:

“Yaxın bir yerdən idarə olunaraq stadiona keçirilib. Elə dronlar var ki, onlar 2-3 km məsafədən idarə oluna bilər. Təbii ki, burada dronu pultu ilə monitora baxa-baxa istədiyi yerə endirə bilir. Dronların imkanları çox genişdir. Dünənki oyunda nəticə daha pis də ola bilərdi. Təbii ki, bu, təhlükəsizlik tədbirlərinin güclü olmamasından xəbər verir. Ciddi nəzarət olunsaydı, dronu endirmək olardı”.

Nihadə Eyyubova / Redaktor.az