Bakıdakı ağaclar niyə çıxarıldı? - Sakinlər qurumlardan ŞİKAYƏTÇİDİR

 14:26 07.10.2019     1196

Bakıda "ağac əkmək" trendinə qoşulmaq istəyən sakinlərin arzusu yarıda qalıb. 

Söhbət paytaxtın Yasamal rayonu, Lətif İmanov küçəsindəki ağaclardan və onları əkən bina sakinlərindən gedir. Sakinlər iddia edirlər ki, sentyabrın 29-da axşam saatlarında bina ətrafında əkdikləri ağacları səhər oyananda yerlərində görməyiblər.

L. İmanov küçəsi 35/37 binasının sakini Eldar Muradov Avtomobil Yolları Dövlət Agentliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşlarından narazlığını bildirir:

"Binamızın ətrafında ağac əkmişdik. Səhər durub gördük ki, ağacları çıxarıblar. Avtomobil Yolları Dövlət Agentliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları bizi təxribatçı adlandırır. Yasamal rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüfət Mərdanov deyir ki, biz bu ərazinin hər tərəfinə ağac əkəcəyik, oradakı ağacları köçürmüşük, hara köçürüblər? Guya biz təxribat etmişik. Burada böyük ağaclar var idi, hanı onlar? Bizim istəyimiz odur ki, ağaclarımız  öz yerində qalsın. Narazılığımız odur ki, binamızın ətrafında heç bir tikinti işi aparılmasın. Onsuz da həyətimiz yoxdur, istədik ərazini yaşıllıq edək. Obyekti tikənlər gözləyirlər ki, sakitlik olsun, gecəylə gəlib tiksinlər. Mən evimdən kamera qoşmuşam, kameranı da əyiblər. Madam ki, burada heçnə tikməyəcəklər, o zaman o tikinti materiallarını niyə yığışdırmırlar?".

Bina sakini Nigar Əhmədova da qonşuları ilə həmfikrdir:

"Ağacların çıxarılmasına narazılıq edirik. İstəyirik ki, binanın ətrafı yaşıllıq olsun. İstəmirik obyektlər tikilsin. Ağacın olmasının nəyi pisdir axı?!".

Digər sakin də Redaktor.az-a açıqlamasında qurumlarla bağlı narazılığını bildirib:

"Qurumlar deyir ki, asfalt çəkmək üçün ağaclar çıxarılıb. Hanı bəs asfalt?! AAYDA deyir ki, onlar hansısa məqsədlə ağac əkiblər. Ağacı nəyə görə əkirlər? Gəlib bu yeri görsün, sonra şərh versin. Burada kiçik bir yol var, yanğınsöndürən maşınının keçməsi üçün. Bu yolun üzərində obyekt tikiblər. Sabah yanğın baş verəndə ora böyük maşın keçə bilməyəcək. Bizə icra hakimiyyətinin nümayəndələri yalandan dedi ki, həmin ərazidə ev tikiləcək. Biz razılaşdıq, lakin yanğınsöndürən maşının keçməsi üçün yol saxlanılmasını xahiş etdik. Baxın, belə ev olar? Bu, obyektdir. Prezident Aparatına elektron qaydada rəsmi müraciət etmişik. Saytlarda ağacların çıxarılması da işıqlandırılıb. Biz bu ərazidə obyekt tikməyə icazə verməyəcəyik. Zəng etmişik, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmişik, deyirlər ki, siz gərək Yasamal Rayon İcra Hakimiyyətindən icazə alardız".

Qeyd edək ki,sakinlər deyir ki, 3 həftədir ərazidə işlər görülür, yol çəkilir. Adıçəkilən binada 90 mənzil var, 500 adam yaşayır. Söhbət əsnasında digər küçə sakinləri də söhbətə qoşulurlar.

Bəlli oldu ki, onlar Şəfayət Mehdiyev küçəsinin sakinlərdir. Yanbayan yerləşən kiçik həyət evlərində yaşayırlar. Şikayətçi Kübra İsrafilova deyir ki, bacısının yasından gələndən sonra gördüyü mənzərə onu dəhşətə gətirib:

 "Evimin bir tərəfini dağıdıblar. 2 günə yağışlar başlasa, bilmirəm nə olacaq. Mən ölərəm, xahiş edirəm, evimi düzəltsinlər".

Şəfayət Mehdiyev küçəsinin digər sakini də qonşusunun səsinə səs verir:

"Bu qadın iflic olub, tək yaşayır. Kim düzəldəcək evini? Yol keçməyə yer qoymayıblar. İcra Hakimiyyəti 30-50 santimetr səki saxlayıb. Camaatın gediş-gəlişi üçün yol olsun. Heç olmasa, 2 metr səki qoyulsun, obyektlər tikilməsin. Burada xəstə uşaqlar, yaşlı adamlar yaşayır. Məktəbə uşaq göndərirəm, necə getsin məktəbə, yol yoxdur", - deyir Rahib Qurbanov adlı şikayətçi.

Digər qonşu Vaqif Yusifov da hay-küyə çıxır:

"Hamımız qonşuyuq, bu həyət evləri də bizimdir. Evimin qarşısında obyekt tikmək istəyirdilər, dedim ki, olmaz! Mən pəncərəmi açıb, divara baxan deyiləm ki?".

Şikayətçi Mübariz Həsənov da yeni tikilən evinin qarşısında daha bir obyektin tikilməsindən narazılıq edib:

"Uzun müddətdən sonra dədə-baba yurdumda ev tikmək üçün icazə aldım. İndi mülkümün qabağında ikimərtəbəli obyekt tikirlər. İmkan verməyəcəm".

Məsələyə Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbaut xidmətinin rəhbəri Anar Nəcəfli münasibət bildirib:

"Sözügedən hissədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinə qədər uzanan hissəsində yenidənqurma işləri aparılır. Layihəyə əsasən, əvvəllər eni 6-7 metr olan küçə genişləndirilərək hərəkət hissəsinin eni 18 m-ə çatdırılıb. Bu səbəbdən tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin qanunvericiliyə əsasən nəzərdə tutulmuş məbləğdə kompensasiya ödənilməklə söküntüsü, yaşıllıqların köçürülməsi işləri aparılıb və yekunlaşdırılıb. Artıq yolun yenidən qurulması işləri son mərhələsindədir".

A. Nəcəfli qeyd edib ki, həmin yolda əvvəllər piyadaların rahat hərəkəti üçün səki olmayıb və buna görə də orada yeni səkilər də inşa edilir:

"Lakin bəzi insanlar yol tikintisinə mane olmaq məqsədi ilə dibçəkdəki ağacları məhz səkilərin qurulduğu yerlərdə əkiblər. Bunu bilərəkdən ediblər. Çünki ora şebel daşları tökülmüşdü ki, üstünə asfalt örtüyü çəkiləcəkdi. Onların bu dibçəkdəki ağacları hansı məqsədlə şebel tökülmüş ərazidə əkdikləri bizə məlum deyil. O məlumdur ki, onların bu addımı yol tikintisinə maneə yaradırdırdı. Bu səbəbdən əməkdaşlarımız orada düzəldiləcək səkinin yerində ağac əkənlərə xəbərdarlıq etsələr də, onlar buna məhəl qoymayıb. Daha sonra əməkdaşlarımız növbəti dəfə xəbərdarlıq ediblər ki, həmin ağaclar yol tikintisi aparılan hissədə əkildiyi üçün çıxarılsın. Amma onlar buna yenə də məhəl qoymayıblar. Sonda əməkdaşlarımız özləri həmin ağacları özləri çıxarmağa məcbur olublar. Həmin şəxslər isə qabaqcadan hazırlıq görərək bizim əməkdaşlar tərəfindən ağacların çıxarılmasını videolentə alıblar və öz məqsədləri üçün yayıblar. Niyyəti yaşıllaşdırma işləri aparmaq olan şəxs və ya şəxslərin piyadalar üçün nəzərdə tutulmuş səkinin yerində ağac əkməkdənsə, həmin ərazidə kifayət qədər bunun üçün boş ərazilər var, həmin ərazilərdə əkmələri daha məqsədəuyğundur".

Məsələyə münasibət üçün yaranmış problemdə adı hallanan Yasamal rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüfət Mərdanovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olan olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nihadə Eyyubova / Redaktor.az