Dövlət xəstəxanasında həkimə pul vermək QEYRİ-QANUNİDİR - Ekspert TƏNQİD ETDİ

 12:30 07.10.2019     735

Tibb sahəsindəki acınacaqlı duruma hələ də “stop” deyən yoxdur.

Peşmanıq ki, xəstələnək, qapı-qapı gəzib, xəstəxana, həkim axtaracağıq. Sonda da məcbur qalıb, üz tuturuq özəl klinikalara. Çünki seçdiyimiz həkimi ancaq özəl sektorda tapa biləcəyik. Səbəb də çox sadədir. Həm həkimlərin əksəriyyəti işləmək üçün özəl müəssisələri seçir, həm də dövlət xəstəxanalarının öndə gedən həkimləri vaxtlarının çoxunu özəl klinikalarda keçirir. Özəl klinikalarda da qiymətlər ceyran belindədir. Bir dəfə yüksək məbləğ civarında ödəniş edirsən, müqabilində isə yalnız 1-2 dəfə həkimin qəbulunda ola bilirsən.

Maraqlıdır ki, həkimlərin fantastik qəbul qiymətlərini kimlər tənzimləyir? Bu prosesin qarşısını necə almaq olar?

Tibb üzrə ekspert, həkim Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirib ki, özəl sektorda,həkim qəbullarındakı qiymətləri heç kim nizamlaya bilməz: 

“Bilirsiniz ki, özəl sektora səhiyyə nazirliyi müdaxilə edə bilmir, çünki özəl sektor kommersiya təyinatlı tibb müəssisəsidir. Məsələ burasındadır ki, dünyanın hər yerində özəl sektorda qiymətlər rəqabətlə müəyyənləşir. Azərbaycan reallığında isə çox eybəcər bir rəqabət var. Bu rəqabət situasiyaya uyğun aparılır. Qanunda olan boşluqlar səbəbindən bu cür vəziyyət yaranır. Bunu tənzimləmək üçün ilk növbədə, icbari tibbi sığorta olmalıdır. Xəstələrin, vətəndaşların sosial müdafiəsi təmin olunmalıdır. Bundan sonra bu eybəcərlik yavaş-yavaş aradan qalxacaq. Faktiki olaraq, özəl klinikalar da o sığorta paketindən yararlana bilər. Bu halda bu məsələlər də tənzim olunacaq. Dövlət xəstəxanalarında gəldikdə isə, burada pullu qəbuldan söhbət gedə bilməz, varsa, bu, sui istifadə faktıdır, qeyri-qanunidir”.

A.Qeybulla söhbət zamanı günün “dəbi” olan həkim reklamları məsələsinə də toxunub:

“Dünyanın heç yerində həkim reklamı biabırçılığı yoxdur. Həkimin qazanc üçün reklam olunması böyük bir biabırçılıqdır. Ümumiyyətlə, tibbdə çox biabırçılıq var, qaydaya salınmalıdır. Harada görünüb ki, şou xarakterli verilişlərdə həkim özünü reklam edir? Həkim biznesmendir ki, özünü reklam etsin?!”, - deyə qeyd edib.

Nihadə Eyyubova / Redaktor.az