"Hazırda Bakıda 7 piyada keçidi inşa edilir" - Anar Nəcəflidən AÇIQLAMA

 15:23 07.10.2019     665

“Hazırda paytaxt üzrə 7 ərazidə yerüstü və yeraltı piyada keçidi inşa edilir”.

Bunu Redaktor.az-a açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib. 

Onun sözlərinə görə, sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir:

“Hazırda Bakı şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır. Birinci, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçididir. Keçidin tikintisi 75 faiz yerinə yetirilib. İkinci, Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, “Şamaxı yolu” adlanan ərazidə yerüstü piyada keçididir. Piyada keçidində 2 lift quraşdırılacaq. Keçidin tikintisi 80 faiz yerinə yetirilib. Üçüncü, Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yerüstü piyada keçididir. Keçidin bünövrə və dayaq hissələrinin tikintisi başa çatdırılıb. Dördüncü, Mərdəkan-Zuğulba yolundakə yerüstü piyada keçididir. Keçidin bünövrə, dayaq və pilləkən hissələrinin tikintisi başa çatdırılıb. Beşinci Xətai rayonu, Neapol küçəsində yerüstü piyada keçidi. Tikinti işlərinin 65 faizi yerinə yetirilib".

Qurum rəsmisinin sözlərinə görə, piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində 1 ərazidə keçidin tikintisi yekunlaşıb, daha 2 ərazidə isə yeni keçidlərin tikintisinə start verilib:

"Tikintisi yekunlaşmış piyada keçidi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü kilometrliyində, Hökməli dairəsinin yaxınlığındadır. Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Daha 2 keçidin isə Qaradağ rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 39 və 49-cu kilometrliyində, Ümid qəsəbəsi və “Yol evi” yaşayış massivində inşasına start verilib. Keçidin dayaqlarının özül hissələri artıq tikilib.

Qeyd edək ki, paytaxt Bakıda və Bakıətrafı yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkətini, vətəndaşların küçə və prospektlərdən rahat və təhlükəsiz keçidini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində 2016-2018-ci illər ərzində 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub".

Nihadə Eyyubova / Redaktor.az