“Qanın qaynayan vaxtıdır", “Ay qızım, kəndə qayıtma” - Hamamda bəstələnən mahnılarımız

 11:30 08.10.2019     1026

“Qanın qaynayan vaxtıdır, bu qızın oynayan vaxtıdır”, “Ay qızım utanaram, kəndə qayıtma”, “Qızlar içiblər, 100 atıblar”...

Mahnılardakı bayağı sözlər qulağımızı artıq “yara edib”. Bağıra-bağıra oxunulan, etika-estetika tələb etməyən sözlər və yorucu musiqi sədalarını eşitməkdən bezsək də, məcburən “o”mahnıları dinləməli oluruq. Hamı bir ağızdan belə mahnı sözlərini lağa qoysa da, bu cür sözlərin sayı dayanmadan artır. Hər kəs "Bəyənmirəm" deyir, bəs bu mahnılara qulaq asanlar kimlərdir? Bunlar qulağımızın dibinə qədər necə gəlib çatır?

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu Redaktor.az-a açıqlamasında bildirib ki, Xalq artisti, professor Firəngiz Əlizadə Bəstəkarlar İttifaqına sədr seçiləndən 2 ay sonra bununla bağlı Yazıçılar Birliyi ilə müşavirə keçirib:

"Çalışdıq ki, Azərbaycanda bayağı mahnıların, bayağı sözlü musiqilərin  aradan qaldırılması istiqamətində birgə iş görə bilək. Dəfələrlə olub ki, hansısa şairlər bizə şeirlərini təqdim ediblər. Biz istəyirik ki, bu şeirlərə mahnılar bəstələnsin. Biz də onları Yazıçılar Birliyinə yönəltmişik”.

Qurum rəsmisi deyir ki, belə mahnıların yaranmasında bəstəkarların günahı yoxdur:

“Peşəkar bəstəkar mahnısı üçün uyğun gələn şairin sözlərindən istifadə edir. Bilirik ki, Azərbaycandamahnılar üçün gözəl sözlər yazan şairlər çoxdur. Müasir dövrdə hamamda oturub, zümzümə edə-edə “bəstəkar” özü üçün ağlına gələn sözlərə mahnı bəstələyir, onu aranjman edir, bu da olur mahnı. Bu gün bu məsələlərə diqqət edən yoxdur. Belə olmasaydı, Üzeyir Mehdizadənin mahnısı 100 milyon baxış toplamazadı. Zövqlər çox korlanıb. Zövqlərin birbaşa korlanmasının da əsas səbəbkarı “ATV”, “ DTV” kanalıdır. Bu kanallarda küçədən keçən müğənnilər oxuyur. Bu gün belə bayağı mahnıların yayılmasının birbaşa səbəbkarı efirlərdir. Kanallar bu gün sırf kommersiya məqsədilə fəaliyyət göstərirlər”.

O, həmçinin qeyd edib ki, yaradıcı təşkilatlar, Mədəniyyət Nazirliyi, o cümlədən Bəstəkarlar İttifaqının birbaşa bu işlərə qadağa qoymaq statusu yoxdur:

"Bizim ancaq tövsiyə etmək imkanımız var. Yaradıcılıq azad olduğuna görə, birbaşa əlində qılıncla kiminsə başının üstündə dayanıb, məcbur edə bilmərsən".

Sosioloq Əhməd Qəşəmoğlu Redaktor.az-a açıqlamasında məsələnin ciddi olduğunu qeyd edib:

“Xalqı çökdürmək üçün onun mədəniyyətindən istifadə edirlər. İndiki dövrün yumşaq müharibəsi budur. Musiqilərin bu vəziyyətə düşməsi faciədir, sosial bəladır. Mənəvi dəyərlər yerində olmayanda belə vəziyyət yaranır. Azərbaycanı istəməyən qüvvə üçün bu arzuolunan bir haldır. Siz təsəvvür edin ki, “zurna” kimi  mili ruhu oyada biləcək, mili musiqi aləti gülməklə lağla baxır, adı kiminsə xoşuna gəlmir".

Ə.Qəşəmoğlu qeyd edib ki, bu işlərə nəzarət Mədəniyyət Nazirliyinin üzərinə düşür:

"Humanitar siyasətə cavabdeh olan adamlar, mədəniyyət sahəsinə cavabdeh olanlar bu sahəyə nəzarəti gücləndirməlidir, buna uyğun fəaliyyət proqramı olmalıdır”.

Nihadə Eyyubova / Redaktor.az