“Alma almaya bənzər” - Bazarlarda “ayaq tutan” GMO tingləri

 12:30 08.10.2019     924

Bu gün dünyada, o cümlədən Azərbaycanda həyəcan təbili çalan məsələlərdən biri də genetik modifikasiya olunmuş  məhsulların (GMO) istehsalı, satışı və istehlakıdır.

"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanuna görə Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağan edilir.

Xatırladaq ki, dəfələrlə belə məhsulların ölkəyə girişinə qadağa qoyulması ilə bağlı çağırışlar olsa da, problem hələ də həllini tapmayıb. Bazarlar, marketlər bir-birinə bənzəyən meyvələrlə, tərəvəzlərlə doludur. Bu məhsullar təbii, bəyənmədiyimiz “qurdlu” meyvələri sıradan çıxarıb. Aidiyyatı qurumların əsasnamələrinə görə, GMO məhsullarının satışı hazırda bazarlarda, satış məkanlarında reallaşmır. Amma mütəxəssislər etiraf edir ki, bu cür məhsulların “kök”ünü kəsmək mümkün deyil. Məhsulların özlərinin satışı həyata keçirilməsə də, tingləri gətirilir, yetişdirilir, satışa buraxılır. Göründüyü kimi, məsələ problem olaraq qalır.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA)-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva Redaktor.az-a açıqlamasında bildirib ki, qurum qida zəncirinin bütün mərhələlərinə dövlət nəzarətini həyata keçirir:

“Azərbaycan Respublikasında dövlət qeydiyyatında olmayan əkin materiallarının sınaq və seleksiya məqsədləri istisna olmaqla ölkəyə gətirilməsinə icazə verilmir. Dövlət qeydiyyatı sınaq nəticələri əsasında aparılır. Tinglər yüksək risk qrupuna daxil olduğu üçün ölkəyə gətirilən bütün tinglər laborator müayinələrə cəlb olunur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladıqdan bugünə qədər ölkəyə idxal olunan tinglərdə qeyd olunan məsələ ilə bağlı hər hansı problem aşkar edilməyib”.

Qeyd edək ki, GMO məhsulların yaranmasını zəruri edən bir neçə səbəb olub. Dünya alimləri hesab edirlər ki, qarşıdakı illərdə aclıqdan əziyyət çəkən əhalinin sayında yenidən artım olacaq. Proqnozlara görə, 2050-ci ilədək dünya əhalisinin sayı 9 milyardı ötəcək və nəticədə qlobal ərzaq çatışmazlığı böhranı daha da genişlənəcək. Bu təhlükənin qarşısının alınması üçün isə alimlər əsas çıxış yolunu GMO məhsullarının istehsalında görüblər. Beləcə, alimlər tərəfindən irəli sürülən çıxış yoluna müvafiq olaraq müasir texnologiya üsullarından istifadə etməklə genetik modifikasiya olunmuş məhsulların istehsalına başlanılıb.

Müasir gen mühəndisliyi metodu ilə laboratoriya şəraitində yaradılmış genetik materialı dəyişdirilmiş canlı orqanizmlər olan GMO məhsullar digərləri ilə müqayisədə xəstəliklərə, həşəratlara davamlı olur və məhsuldarlığı ilə seçilir. Belə məhsulların ilk satışı isə 1994-cü ildən reallaşmağa başlayıb. 

Bildirək ki, 30 adda bitkinin genetik modifikasiyası olunub. 30 adda bitkinin 504 növü məlumdur. Geni dəyişdirilmiş məhsullar siyahısında kartof, pomidor, balqabaq, şəkər çuğunduru, şəkər qamışı, şirin bibər, tütün, yumşaq buğda, lobya, qarğıdalı, yemiş, alma, gavalı, düyü, qızılgül, qərənfil, soya, pambıq və kətanın adlarını qeyd etmək olar.

Nihadə Eyyubova / Redaktor.az