“Binə” və “Sədərək”də YANĞIN RİSKİ yüksəkdir - Sığorta şirkətləri buna görə qaçır

 14:30 08.10.2019     1157

Son aylar iri ticarət mərkəzlərində baş verən yanğınların ardı-arası kəsilmir.

Öncə “Diqlas”, “X lady”, daha sonra dünən “Binə” ticarət mərkəzində təkrar baş vermiş yanğını əyani sübut olaraq göstərmək olar. Hadisələrdə bir neçə məqam diqqət çəksə də, əsas narahatedici fakt sahibkarların mallarının yanıb külə dönməsi, yüz minlərlə pullarının batmasıdır. Belə olan halda, sahibkar sonrakı peşmançılığın “dadını çıxarır”. "Kaş ki, vaxtında malımı sığortalayardım" kimi təəssüf başlayır.

Redaktor.az-a danışan sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, "İcbari sığortalar haqqında" Qanuna əsasən ölkədə daşınmaz əmlakın icbari sığortası məcburidir:

"Yəni, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan şəxslər və yeni tikililərdə müqavilə ilə evi olan vətəndaşlar, hər hansı qanuni dövlət sənədi təqdim etməklə öz əmlakını sığortalamış (şəhadətnamə ilə təsdiqlənmiş) hesab olunurlar. Demək olar ki, həm hüquqi həm də fiziki şəxslərə məxsus daşınmaz əmlaklar hər il sığortalanmalıdır. Sığorta etməyən fiziki şəxsləri isə yerli icra hakimiyyətinin qurumları (rayon icra hakimiyyəti, kəndlərdə kənd icra nümayəndələri); hüquqi şəxslərin daşınmaz əmlakının icbari sığortasına nəzarəti isə Fövqəladə Hallar Nazirliyi (FHN) və onun yerlərdəki qurumları tənbeh etmə səlahiyyətinə malikdirlər”.

Ekspert qeyd edib ki, buna görə, konkret olaraq İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub :

“Fiziki şəxslərə münasibətdə yerli icra hakimiyyəti və onun nümayəndələri vətəndaşlara humanist davranaraq bu cərimələri həyata keçirməyiblər. Düzdür humanizm prinsipinə uyğun, bu, yaxşı haldır, lakin sabah sığorta hadisəsi olan zaman belə hallar dövlətə ziyanın dövlət büdcəsi hesabından qarşılanması problemini ortaya çıxarır. Hüquqi şəxslərin daşınmaz əmlaklarının sığortalanması məsələsi bir qədər ürəkaçandır. Çünki FHN və onun yerlərdəki qurumları belə hallara nəzarət edir və çalışırlar ki, sığortalanma daha çox olsun”.

Ekspert qeyd edib ki, daşınar əmlakın sığortası isə könüllü olduğundan məsələ bir qədər fərqlidir:

“Daşınmaz əmlak yerə bitişik döşəmə, tavan, divarlar və s. başa düşülür. Daşınar əmlak isə daşınması mümkün olan əşyalar nəzərdə tutulur. Daşınar əşyalar satış məqsədilə qeydiyyata alınıb sığortalanırsa, burada bir çox problemlər ortaya çıxır. Sığorta şirkəti satılan malın qiymətini müəyyən edib ona görə risk hesablamalı və qiymət deməlidir”.

Ekspertin sözlərinə görə, “Binə” bazarında  şəffaf mühasibatlıq olmadığından heç bir sığorta şirkəti həmin obyektləri sığortalamaq istəmir:

“Əvvəllər bir sığorta şirkəti daşınmaz əmlakları icbari sığortalayırdılar. Sonradan o şirkət də “Binə”, “Sədərək” və s. kimi yanğın riski yüksək olan obyektləri sığortalamaqdan çəkindilər. Məsələnin həll yolu rəhbərliyin Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciəti ilə ola bilər. Çünki həmin ərazinin dövlət sənədi olduğundan sığorta şirkətləri icbari sığortadan imtina edə bilməz. Digər tərəfdən FHN də orada yanğən təhlükəsizliyini daha gücləndirməlidir”.

Nihadə Eyyubova / Redaktor.az