Mülkə görə valideynini döyən "ÖVLADLAR" - Cəmiyyətin UTANCVERİCİ ÜZÜ

 11:39 09.10.2019     1053

Uşaq olarkən çoxumuz döyülmüşük. Hər kəsin yaddaşının kiçik bir küncündə az da olsa belə bir xatirə qalır.

"Atam, anam məni “filan” işi gördüyümə görə yaman döymüşdü. Hələ də o şillənin səsi qulağımdadır, bəlkə də döyülməsəydim, indi bu yerə gəlib çatmazdım", - deyənlərin sayı heç də az deyil.

Lakin bu gün əksinə övladı tərəfindən döyülən valideynlər də cəiyyətdə az deyil. 

“Oğlu tərəfindən döyülən valideyn danışdı”, “Oğul anasını döydü”, “Oğul atasının körpücük sümüyünü sındırdı” bu başlıqlı xəbərlərin sayının çoxalması üzücüdür...

Məsələylə bağlı Redaktor.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, hansı cəmiyyətdə mənəvi dəyərlər öndə olur, o cəmiyyət öz-özünü tənzimləyir:

“Həmin cəmiyyətdə hər şey qaydasında gedir. Hansı cəmiyyətdə ki, mənəvi dəyərlər sıxışdırılır, başqa dəyərlər önə keçir, o cəmiyyətdə ən qorxulu hadisələr baş verir. Təəssüf ki, Azərbaycanda mənəvi dəyərlərin arxa plana keçməsi uzun müddətdir müşahidə olunur. Bu səbəbdən də belə hadisələrin sayı daha da artacaq. İnsanın davranışına dörd mühüm amil təsir edir. Birinci insanın fitrəti, ikinci mühit, üçüncü aldığı informasiya, dördüncü üstünlük verdiyi dəyərlər. Bu hadisələr artırsa, bu dörd faktorda səbəb axtarmalıyıq".

Sosioloq qeyd edib ki, indiki dövrdə maariflənmə işi elmi əsaslarla getməlidir:

“Bu hadisələrin sayının azalması üçün elmi mərkəz yaradılmalıdır. Belə hadisələrin statistikası aparılmalı və arxasında sosioloji təhlillər dayanmalıdır. Bu işlər görülmür, görülmədikcə də bu cür hadisələr daha da artır”.

Vəkil Xəyal Bəşirov qeyd edib ki, belə hadisələr əsasən əmlak üstündə yaranır:

“Valideyn sağ ikən əmlakını ya bağışlamaq, ya da vəsiyyətnamə formasında övladına bağışlayır, vəsiyyət edir. Bağışlanan andan həmin əmlak bağışlanan adamın adına keçir. Amma vəsiyyətnamədə isə vəsiyyət edən şəxs öləndən sonra əmlak verilir. Valideyn əmlakını bağışlayandan sonra övlad valideyni incitməyə başlayır, evdən qovmaq üçün bəhanələr axtarır. Bununla bağlı müraciətlər  olur. Biz də həmin şəxslərə bağışlanmanın, vəsiyyətnamənin ləğv olunması ilə bağlı hansı prosedurların yerinə yetirilməsi üçün məsləhətlər vermişik. Normal ailələrdə normal övladlar bu cür hallara yol vermirlər. Övlad əmlak üstündə valideyni qocalar evinə göndərmək istəyir. Valideyn  də razılaşmır. Əsas müşahidələrim bu faktların üzərində qurulur”.

Vəkil qeyd edib ki, daşınmaz əmlakın evin sonuncu nümayəndəsinə qalması qanunda yoxdur:

"Əksər halda oğul övladı valideyninə zor tətbiq edir. Amma qadınlar tərəfindən də bu zorakılıqlar olur. Yaşlı qadın və kişiyə fiziki zor tətbiq etmək qadının da fiziki gücündədir. Zor tətbiq edən övladların əksəriyyəti 40-45 yaş qrupunda olanlardır”.

Nihadə Eyyubova / Redaktor.az