Onlayn alış-veriş edənlər, DİQQƏT - Aldadıla bilərsiniz...

 12:46 10.10.2019     784

Onlayn alış-verişlərdən istifadə edənlərin sayı günbəgün artır.

Əvvəllər bu imkanlardan istifadə etmək üçün müəyyən risklər var idisə, indi əksəriyyət rahatlıqla seçdiyi malı onlayn şəkildə sifariş verə bilər. Bu yolla sifarişçi məhsulunu rahatlıqla əldə edir. Onlayn  ticarətin əsas üstünlüyü rahatlıq olsa da, bu cür alış-verişlərdə aldanan şikayətçilərin sayı az deyil.

Bu kimi halların baş verməməsi üçün ilk olaraq hansı addımlar atılmalıdır?

Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz Redaktor.az-a açıqlamasında bildirib ki, ilk dəfə internetdən alış-veriş etmək istəyən adam üçün bu prosesdə müəyyən risklər var:

“Vətəndaşlar hansısa məhsul sifariş verməzdən öncə onlayn alış-verişdən başı çıxan şəxslərdən, mütəxəssisdən informasiya toplamalıdır. İnternetdə onlayn alış-verişlə bağlı xeyli informasiya var.  Eyni zamanda, alıcı güvənli resurs tapmalıdır. İnternetdə alış-veriş saytları hədsiz çoxdur.

O. Gündüz qeyd edib ki, bu gün insanları aldadan alış-veriş saytlarının sayı çoxdur:

“Bəzi saytlar aldadır, bəziləri isə saxtadır. İnternet resursun güvənli olub-olmamağına baxmaq lazımdır. Buna görə də araşdırma aparmaq lazımdır. Bəzən domedə bir hərf fərqi ilə saytın adı səhv olur. Buna görə kordinatlara, əlaqə vasitələrinə, sertifikatlarına ,hansı qurumlarla əlaqəli olmağına baxmaq lazımdır”.

O. Gündüz hesab edir ki, bu xidmətdən ilk dəfə yararlanmaq istəyənlər az məbləğdə alış-veriş etməlidir:

“Müştəri hansı kredit kartından alış-veriş edəcəksə, çalışmalıdır ki, o kartında böyük məbləğdə pul olmasın. Kart əməkhaqqı kartı olmasın. Elementar təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Hesab edirəm ki, Azəbaycanda online alış-verişin güclənməsinə diqqət yetirmək doğru olardı”.

Ekspert hesab edir ki, Azərbaycan hökuməti üçün onlayn alış-veriş daha şəffafdır:

"Burada kredit kartı, adam, müəssisə qeydiyyatdadır. Hökumətə nəzarət etmək üçün, bu, daha rahatdır. Eyni zamanda, onlayn alış-veriş zamanı yeni bazar əldə edilir. Bir məhsul hardasa satılırsa, onun 10 müştərisi olur, internetdə satılanda 10 min müştərisi olur. Bu yeni bazar Azərbaycanda rəqəmsal sahibkarlığın ticarət sektorunun inkişafı deməkdir. Eyni zamanda, dollayısı yol yeni iş yerləri deməkdir. Sahibkarlar üçün bu proses göydəndüşmədir, işıq pulu, qaz pulu, su pulu əlavə resurslar cəlb etmirsən”.

O. Gündüz əlavə edib ki, onlayn alış-veriş zamanı aldanan alıcılar polis orqanlarına, məhkəməyə müraciət edə bilərlər.

Niadə Eyyubova / REDAKTOR.AZ