Kirli oturacaq, yağlı əl tutacaqları... - İctimai nəqliyyatdakı NATƏMİZLİKLƏR

 10:49 11.10.2019     384

Hər gün əksəriyyətimiz ictimai nəqliyyatdan istifadə edirik.

Bizi ünvan başına çatdıran nəqliyyat vasitələri vəzifələrini sərnişini yalnız lazım olan yerə aparmaqla bitmiş hesab edir. Digər öhdəliklərin necə yerinə yetirilməsi daşıyıcılar üçün əhəmiyyət daşımır. Nəqliyyatda təmizlik qaydalarına riayət edilməsi sağlamlığımız üçün çox vacibdir. Nəzərə alsaq ki, vaxtımızın çox hissəsi yolda keçir və bu müddət ərzində xeyli mikrob mənimsəmiş oluruq.

İctimai nəqliyyatda gigiyenik qaydalara niyə əməl edilmir?

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a bildirib ki, metroda bütün stansiyaların təmizliyi nəzarətdədir:

“28 May stansiyasında operativ çatdırılma olmadığından təmizlik qaydalarının pozulması hallarına rast gəlmək olur. Çünki “28 May” ən çox gediş-gəlişi olan stansiyadır. Gün ərzində stansiyaya  80 min insan daxil olur. Özüm də bu halı müşahidə etmişəm. Təmizlik işləri ilə bağlı vaqonlarda kompleks briqada işləyir. Sanitar gigiyenik normalarla bağlı tək stansiyalar deyil, eskalator, vaqonların içi nəzarətdədir. Onlar qrafiklə də təmizlənir. Dezinfeksiya işləri planlı qaydada aparılır".

B. Məmmədovun sözlərinə görə, qatarlar depoda olarkən də texniki baxışla yanaşı, təmizlik işləri də həyata keçirilir:

"Metro xəstəliklərin yayılma mənbəyi olmamalıdır. “28 May”da adam sıxlığı baxımından bu cür hallar müşahidə oluna bilər. Bu məsələ ilə bağlı bir daha təmizlik xidməti ilə danışıb, xəbərdarlıq edərəm.Bu stansiya ən çox nəzarət edilən və diqqətdə olan stansiyadır".

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə Redaktor.az-a açıqlamasında qeyd edib ki, ictimai nəqliyyatda təmizlik işlərində problemlər olur:

"Avtobuslar gündəlik olaraq təmizlənir. Bu tələb bütün daşıyıcıların qarşısına qoyulub. Daşıyıcılar tərəfindən bəzən bu tələblərə əməl edilmir. Bildirək ki, tələblərə əməl etməyən daşıyıcılar zaman keçdikcə marşrut xətindən uzaqlaşdırılacaq. Sonuncu dəfə "186" və "168" nömrəli avtobuslarda dəyişiklik oldu. Həmin dəyişikliyi zəruri edən bir səbəb də avtobusların gigiyenik qaydalara cavab verməməsi idi. Həmçinin bu və digər səbəbdən  "78", "76" nömrəli marşrutlar da xətdən çıxarıldı”.

Nihadə Eyyubova / Redaktor.az