Süpürgəçi qadınların ÖLÜM SƏBƏBİ - Qurumlar problemin həllində biganədir

 17:05 11.10.2019     765

Süpürgəçi qadınların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi tədbirlər aparılsa da, onların həyati təhlükəsi hələ də davam edir.

Dünən daha bir süpürgəçini yolu süpürərkən maşın vurub. Nəticədə 63 yaşlı qadın həyatını itirib.

Xatırladaq ki, bu ölümlərin sayını azatmaq məqsədilə ötən il yol kənarlarında yeni yol nişanları qoyuldu. Sürücülər iddia edirlər ki, həmin yol nişanlarını yol kənarlarında görmək mümkün deyil.  Eyni zamanda yol kənarındakı dəmirləri təmizləyən, yolların süpürülməsi  işlərini həyata keçirən xüsusi maşınlar, texnika var.

Maraqlıdır, adıçəkilən texnika və yol nişanları niyə gözümüzə dəymir? 

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli Redaktor.az-a açıqlamasında bildirib ki, sözügedən texnika hazırda da işləyir:

"Bizim texnikamız indi də var, işləyir. Hər gün səhər tezdən həmin maşınları görə bilərsiniz. Əsas prospektlər, əsas yollar  texnikalar vasitəsilə təmizlənir. Körpülərin müəyyən hissələri var ki, ora texnika daxil ola bilmir, ərazidə əl əməyindən istifadə edilir”.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə bildirilib ki, qeyd olunan yol nişanları da hazırda ərazilərdədir:

“Heç bir nişan götürülməyib, hansı yerlərə qoyulubsa, həmin yerlərdədir. Hətta süpürgəçi qadınlara verilən xüsusi geyimlər, jiletlər də qüvvədədir”.

Nihadə Eyyubova / Redaktor.az