Avtomobilinizi qışa BELƏ HAZIRLAYIN - Usta vaxt itirməməyi MƏSLƏHƏT GÖRDÜ

 13:53 12.10.2019     1101

Qış mövsümünün yaxınlaşması avtomobillərin qışa hazırlıq məsələsini yenidən gündəmə gətirib. Hər bir sahə indidən öz tədarükünü görür. Yağışlı və qarlı havada isə əsas çətinlik sürücülərin üzərinə düşür. Palçıqlı və sürüşkən yollarda avtomobili idarə edən sürücü həm də bir sıra təhlükəli vəziyyətlə üzləşir. Bu halın yaşanmaması üçün nəqliyyat vasitəsinin texniki baxımdan saz vəziyyətdə olması mütləqdir. 

Redaktor.az-a danışan avtomobil ustası Əli Sultanov bildirib ki, ilk növbədə mühərrikin soyutma sisteminə diqqət etmək lazımdır:

“Soyutma sisteminin antifrizi yenilənməli, keyfiyyətlisi ilə əvəzlənməlidir. Bununla yanaşı avtomobilin su-drenaj sistemləri təmizlənməlidir. Usta tərəfindən sistem yoxlanılmalıdır. Çünki yayboyu hava isti olduğundan həmin sistemə toz yığılır. Yağış yağandan sonra tozlu su həmin hissədən salonun içərisinə axmağa başlayır".

Usta qeyd edib ki, qışda ən aktual problem avtomobillərin təkərləri ilə bağlı olur:

“Təkərləri mütləq yeniləmək lazımdır. Yağış, qar olacağını nəzərə alsaq, daha yeni, dözümlü təkərlərə keçilməlidir. Həmçinin şüşə silən rezinlər dəyişdirilməlidir. Adətən yayda məsləhət görülür ki, yaxşı şüşə silən rezinlər çıxarılıb, köhnə rezinlərlə əvəzlənsin. Çünki yayda hava isti olduqda, rezinlər günün altında qalıb quruyur. Əgər, rezinlər quruyubsa, həmin şüşə silənlər də təzələnməlidir. Eyni zamanda avtomobilin ön, alın şüşələrini yumaq üçün su qabı olur, onun xüsusi antifrizi var. Həmin antifrizdən istifadə olunmalıdır”.

O, məsləhət görüb ki, artıq bu işlərin görülməsinə başlanılmalıdır:

“Temperatur aşağı düşəndə sürücülər usta növbələrində dayanırlar. Halbuki bunu vaxtında etsələr, daha az problemlə üzləşərlər. Mövsümə uyğun olaraq avtomobillərin qeyd etdiyim texniki hissələrinə xüsusi diqqət etmək lazımdır. Ən əsası nəqliyyat vasitəsi həmişə saz vəziyyətdə olmalıdır".

Nihadə Eyubova / Redaktor.az