Bakıda uşaq qidasından QURD ÇIXDI - Rəsmi AÇIQLAMA

 11:31 14.10.2019     1062

Bakıda uşaq qidasının içindən qurd çıxması məsələsinə rəsmi münasibət bildirilib. 

Redaktor.az-a açıqlama verən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib ki, məsələ ilə bağlı Agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat daxil olub:

“Məlumat qeydə alındıqdan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyində aiddiyyəti üzrə araşdırmalara başlanılıb. Qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, qida məhsullarının, xüsusilə uşaq qidalarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı şübhələri olarsa, bu sahədə neqativ hallarla rastlaşarlarsa, müəssisənin adı, ünvanı, məhsulun adı, istehsal tarixi və s. kimi konkret məlumatları qeyd etməklə, Agentliyin 1003 "Çağrı mərkəzi"nə zəng edib məlumat versinlər”.

Qeyd edək ki, Bakıda uşaq qidasının içindən qurd çıxıb. Şikayətçi Asəf Abbasov bildirib ki, o, 9 oktyabr tarixində Biləcəridə yerləşən “Şəfa” adlı aptekdən uşaq yeməyi (Nutrilak) alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta, bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib.

Nihadə Eyyubova / Redaktor.az