Bakı-Sumqayıt yolunun TIXAC PROBLEMİ həll oluna bilər - TƏKLİF

 17:17 14.10.2019     3463

Hər il nə qədər yeni yol salınsa da, tıxac problemi bitib-tükənmək bilmir. Sanki salınan hər yol yeni tıxac yaradır.

Tıxacı sonsuz olan yollardan biri də Bakı-Sumqayıt yoludur. Məlum olduğu kimi bu yoldan yalnız Sumqayıt sakinləri deyil, üzüaşağı Masazır, Xırdalan, Novxanı, Binəqədiyə gedən sakinlər də istifadə edir. Bu yolda pik saatlarda tıxac qaçılmazdır.

Maraqlıdır, bu qədər iş görüldüyü halda niyə problem çözülməz olaraq qalır? 

Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fəzail Ağamalı bildirib ki, o da həmin yolda əsəbi tarıma çəkilənlərdəndir:

“Mən də həmin yoldan istifadə edirəm. Bu məsələdə sizinlə razıyam. Təbii ki, yol təmir olunmalı, yenidən çəkilməli, dağılan yollar bərpa olunmalıdır. Bu normal bir yanaşmadır. Məsələyə çox yaxşı yanaşılıb ki, bəs bu məsələnin  alternativ yolu necə ola bilər? Bu problemi yaxın zamanda qaldıracam. Bu cür yollara uyğun Yaponiyada olduğu kimi yüngül konstruksiya ilə ikimərtəbəli yol çəkilə bilər. Yəni ki, həmin yolun üzərindən yüngül konstruksiya ilə ikinci yol çəkilir. Yaponiyada olanda belə bir yolun  şahidi oldum. Dənizin ortasından iki, üçmərtəbli yollar çəkilmişdi.

Bu cür yolları  yalnız Bakıdan Sumqayıta gedən istiqamətdə deyil, eyni zamanda Neftçilər prospektindən “Koroğlu” metrosuna qədər də çəkmək olar. Daha çox maşın yükü götürən Dərnəgül yolunun üzərində  də ikimərtəbəli yol çəkmək olar. Hətta ikinci mərtəbəni pull etmək olar, sürücü bu yolda daha sürətlə maşın idarə edə bilər. Kim istəsə, pulunu ödəyib həmin yoldan istifadə edə bilər. İkinci mərtəbə alternativ yol kimi istifadə oluna bilər. Fikrimcə, bu, xeyli  maşın tıxacını yüngülləşdirə bilər. Bu problemin başqa variantı yoxdur. Burada yolu ittiham etmək də düzgün deyil, çünki yol bərbad vəziyyətdədirsə, ona əlac tapmaq lazımdır. Körpüləri  də bərpa etmək lazımdır. İkinci mərtəbədə yolun çəkilməsi həm ucuz başa gələcək, həm də çox əlverişli olacaq”.

Deputat qeyd edib ki, noyabr ayında məsələ parlament iclasında müzakirə oluna bilər:

“Çalışacam ki, bu məsələni baş nazirin də iştirak etdiyi büdcə layihəsinin müzakirəsində deyim. Çünki bu, böyük investisya layihəsidir. Bu, milyonlar tələb edən bir məsələdir. Hökumət bu təklif əsasında müəyyən müzakirələr aparıb, əlverişli məqamlarına toxunub, o məqamlar üzərində fikrlərini ifadə edərsə, yəqin ki, bunu investisya layihəsinə salıb həyata keçirmək olar”.

Deputat həmçinin əlavə edib ki, bu problem hamını yorub: 

"Mən  də o yolun əziyyət çəkənlərindənəm. Hələlik isə çıxış yolu dəmiryolundan istifadə etməkdir”.

Deputat Aqil Abbas da problemin yaxın vaxtlarda müzakirəyə çıxarılmasından danışıb:

“Bu məsələ müzakirəyə çıxarıla bilər. Diqqətdə saxlanılacaq. Tək siz deyilsiniz, çox adam əziyyət çəkir”.

Nihadə Eyyubova / Redaktor.az