Metrodakı sıxlıq nə vaxt azalacaq? - Problemin həlli üçün 5 stansiya tikilməlidir

 15:15 15.10.2019     797

Paytaxt sakinləri bu gün vaxtlarının çox hissəsini tıxacda itirirlər.

Söhbət yalnız yollardakı tıxaclarından getmir. Nəqliyyat tıxacından yenicə çıxmış metroda “insan” tıxacına tuş gəlirik. Necə deyərlər, yağışdan çıxıb, yağmura düşürük. Baxmayaraq ki, problemin həlliylə bağlı müəyyən addımlar atılır. Lakin yenə də köhnə hamam, köhnə tasdır...

Bəs bu işlərin görülməsi üçün xərclənən pullar havaya sovrulur? Tıxaclardan tam yox, qismən də olsa, canımız nə vaxt qurtaracaq?

Redaktor.az- a danışan millət vəkili Fəzail Ağamalı bildirib ki, tıxac problemi onu da narahat edir.

“Bakı Metrosunda tıxacların qarşısını almaq üçün daha çox vaqon alınmalıdır. Noyabr ayında bununla bağlı Milli Məclisdə məsələ qaldıracağıq. Qatarlar arasındakı interval tezləşməlidir, mütləq bu məsələyə toxunacam.

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə açıqlamasında bildirib ki, metroda insan sıxlığını o da yaşayır:

Təklif olsa da, olmasa da yeni vaqonların gətirilməsi istiqamətində sifarişlərimizi verəcəyik. 4-cü nəsil qatarları adlandırılan yeni vaqonlar ilin sonuna kimi sifariş olunacaq".

B. Məmmədov intervallardakı gecikmə hallarına da toxunub:

“İntervallarda gecikmə adətən pik saatlarda olur. Həmin vaxtda da monitorinqlər aparırıq. Burada əsas səbəb qatarlardakı texniki nasazlıq və sərnişinlər tərəfindən qapılarən tutulmasıdır. Belə hadisələr olmasa, gecikmə olmaz”.

 B. Məmmədov həmçinin təzə qatarların ara-sıra gözə dəyməsinə də aydınlıq gətirib:

“O qatarların hər birinin öz qrafiki, qrafik üzrə marşrut xətti var. Təzə qatarlardan  3-ü  “İçərişəhər” istiqamətindədir, 8 qatar da “Dərnəgül”. 2018-2019-cu ildə də cəmi 11 qatar gətirilib. Yeni qatarların hamısının hərəkəti normaldır. Texniki səbəbdən də yalnız bir-ikisində problem ola bilər, bu zaman da həmin qatarlara mütəmadi olaraq texniki baxış keçirilir. Həmin qatarların xəttə saxlanmamasının hər hansı əsası yoxdu”.

B. Məmmədov qeyd edib ki, sıxlığın əsas səbəbi metroda sərnişin sayının çox olmasıdır:

“Hər il sərnişin sayı artır, metro il ərzində gündəlik 600-650 min arası sərnişin daşıyır. Amma tədris mövsümündə bu say 700-800 mindən artıq olur”.

Qurum sözçüsü hesab edir ki, bu problemin aradan qaldırılmasının ən vacib şərti metro infrastrukturunda bir sıra dəyişikliklərin aparılmasıdır:

“Dünya metrolarında olmayacaq bir məsələ bizim Bakı Metropolitenində var. İki xətt bir stansiyada birləşir. Bu, bizdə “28 May" stansiyasındadır. “Həzi Aslanov”a qədər artıq bir xətt üzrə iki xətt hərəkət edir. “28 May” stansiyasında xətlər ayrılmalıdır. Yeganə səbəb budur. Bu problemi həll etmək üçün cəmi 5 stansiya tikilməlidir. “Xətai”dən sonra daha iki stansiya, bir də “Dərnəgül”dən sonra 3 stansiya tikilməlidir. Problemin yeganə çıxış yolu budur. Bu zaman “Koroglu” istiqamətində gələn sərnişinlərimizin əsas kütləsi iki istiqamatə bölünəcək. “28 may”  stansiyası da bu qədər yüklənməyəcək. Bu da Bakı Metropolitenin konseptual inkişaf sisteminə görə, qarşıda prioritet qoyulan əsas vəzifədir. Bu işlər baş versə, hamımız rahatlaşacağıq”.

O, həmçinin bildirib ki, hazırda 2 dəqiqədən aşağı interval tətbiq etmək mümkün deyil:

“Bu riskdir, sərnişin təklükəsizliyi ilə bağlı olan məsələdir. Sərnişin 5 dəqiqə gec getsin, amma təhlükəsiz getsin”.

Nihadə Eyyubova / Redaktor.az