"Sizi siyahıya aldılarmı?" - Siyahıyaalınma ilə bağlı QARANLIQ QALAN MƏQAMLAR

 10:47 16.10.2019     986

Oktyabrın 1-də başlanan siyahıyaalınma prosesi oktyabrın 10-da başa çatsa da, müəyyən məsələləri nəzərə alaraq Dövlət Statistika Komitəsi vaxtı daha 5 gün uzatdı. Bu günlər ərzində siyahıya alınmayanların qapısı yenidən döyüldü. Ötən gün həmin vaxt da başa çatdı, ancaq qapısı döyüləcək deyə, çoxlarının gözü yenə də yolda qaldı.

“2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Prezident fərmanı ilə bu siyahıyaalınmaya başlanılıb və büdcədən 23,2 mln manat vəsait ayrılıb.

Bəs, bu qədər vəsait ayrılmasına baxmayaraq siyahıyaalınma niyə düzgün həyata keçirilməyib?

Bu barədə Redaktor.az-a danışan deputat Vahid Əhmədov bildirib ki, siyahıyaalınmaya ciddi yanaşmaq lazımdır:

“Nə pul ayrılıb, ayrılmayıb, o haqda heç nə deyə bilmərəm, o, artıq müvafiq orqanların işidir. Amma onu deyə bilərəm ki, məsələ ciddi olduğu üçün buna düzgün yanaşmaq lazım idi".

V. Əhmədov həmçinin əlavə edib ki, onu ötən gün siyahıya alıblar:

"Mən də bu mövzuda narahatam. Hesab edirəm ki, bu proses üçün 15 gün azdır, buna təxminən bir ay vaxt lazımdır. Bu böyük işdir, burada müəyyən iqtisadi məsələlər var, onlar da böyük əhəmiyyət daşıyır, analizlər aparılmalı, iqtisadi məsələlərə baxılmalıdr”.

Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu da siyahıyaalınma ilə bağlı narazılığını bildirib:

Biz bu xalqdan deyilikmi? Dövlət Statistika Komitəsinin siyahıya alınması başa çatdı. Çevrəmdəki bütün insanlara, qohum-qardaşa, qəzet çalışanlarına, redaktorlara - qarşıma kim çıxırsa, soruşdum: "Sizi siyahıya aldılarmı?. Cavab 90 % "yox" oldu. Məni də almadılar! 5 nəfər ailə üzvlərimlə birlikdə".

İqtisadçı ekspert Vüqar Bayramov məsələni incəlikləri ilə izah etməyə çalışıb:

"Mən də siyahıya alınmayan vətəndaşlardanam və ümumiyyətlə, biz yaşayan mənzilə siyahıya almaq bağlı müraciət olunmadı. Qeyd edək ki, bu il oktyabrın 1-dən 10-na qədər əhalinin siyahıya alınması prosesi həyata keçirildi. Xatırladaq ki, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında“ Azərbaycan Prezidentinin fərmanı 7 sentyabr 2016-cı ildə imzalanmışdı. Deməli, siyahıya almağa hazırlıq üçün hökumətə 3 ildən çox zaman ayrılmışdı. Bununla belə, həm sosial şəbəkələrdə gedən müzakirələr, həm də bizim mərkəzə edilən müraciətlər göstərir ki, siyahıyaalınmada iştirak etməyənlərin sayı heç də az deyil. Xüsusən qeyd etmək lazmdır ki, əhalinin siyahıya alınması yalnız statistik, demoqrafik deyil, həm də iqtisadi və sosial əhəmiyyət daşıyır. BMT-nin Statistika Komissiyası əhalinin siyahıya alınmasını qiymətləndirən zaman bunun sosial - iqtisadi hadisə olduğunu bildirir. O baxımdan Azərbaycanda da siyahıyaalınma ölkəmizdə iqtisadi siyasətin növbəti illərdə mövcud çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, yeni iqtisadi proqramların reallaşması baxımından vacibdir. Nəzərə alsaq ki, bu siyahıyaalınma yalnız vətəndaşlarımızın sayını deyil, (halbuki, bunu rəsmi qeydiyyat ilə də müəyyənləşdirmək mümükündür), əslində daha çox ixtisaslı kadrların yerləşmə coğrafiyası, Azərbaycanda ixtisaslı kadrların, eləcə də xarici dil biliyi olan vətəndaşların sayının necə dəyişməsi, daxili miqrasiya, fiziki imkanları məhdud olan şəxslərin işlə təmin olunması və eyni zamanda qeyri rəsmi məşğulluq, qeyri leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımdan da vacibdir. Halbuki bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi ya mümkün deyil, ya da çətindir. O baxımdan bu, əslində sadəcə bir siyahıyaalma deyil, daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək faktorlardan biri kimi xarakterizə olunmalıdır".

V. Bayramov qeyd edib ki, siyahıyaalınma zamanı bütün vətəndaşlarımızın prosesdə fərqli səbəblərdən iştirak etməməsi mümkündür:

"Ancaq əgər, həmin dövrdə xaricdə olmayan, evində olan, amma, siyahıyaalınma ilə müraciət olunmayan vətəndaşlarımızın sayı çoxdursa, o halda bunun araşdırılmasına ehtiyac var. Nəzərə alsaq ki, bu siyahıyaalınma Azərbaycanda növbəti illərdə, xüsusən də 2020-ci ildən sonra həyata keçiriləcək iqtisadi siyasətin konturlarını müəyyənləşdirilməsində çox vacib olacaqdır. Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsindən bu məqsədlə 23,2 mln. manat vəsait ayrılıb. Deməli, hər nəfərə 2 manat 30 qəpik və ya orta hesabla hər ailəyə 9 manat 20 qəpik ayrılıb. Hər bir ailənin qeydiyyata alınmaması isə büdcədən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsində şübhələr yaradır. Nəzərə alsaq ki, siyahıyalınmaya bu qədər vaxt sərf edilib, əvvəlki illərdən fərqli olaraq, bu işin təşkilinin hərtərəfli olması çox vacib idi. Ona görə də bir daha deyirəm ki, nəticələrin rəsmi qiymətləndirilməsinə ehtiyac var və bu qiymətləndirmənin nəticələri ictimaiyyətə təqdim olunmalıdır. Nə qədər adam siyahıyaalınmada iştirak etməyib və səbəb nədir? Nəticələrin dəqiqliyi çox vacibdir. Xüsusən, əhatəliyin qiymətləndirilməsi ilə bağlı araşdırma aparılıb, siyahıyaalınmada iştirak etməyənlərin sayı çoxdursa, bunun rəsmi səbəbləri müəyyənləşsin. Ayrılan vəsait kifayət qədər böyükdür və bu vəsaitlə daha çox insan bu prosedura cəlb edilə bilərdi. Bütovlükdə, hamının siyahıyaalınması mümkün idi. Ən azı sosial şəbəkədə və mətbuatda aktiv olan vətəndaşlar prosesdə iştirak etməyib".

V. Bayramov təklif edir ki, siyahıyaalınmanın təşkili nəticələrinin qiymətləndirilməsi üçün Nazirlər Kabineti yanında xüsusi komissiyanın yaradılmasına ehtiyac var:

"Bu komissiya siyahıyaalınma prosesinin qiymətləndirilməsi və nəticələrinin monitorinq edilməsini həyata keçirə bilər. Bu baxımdan əhatəlik dairəsi və eyni zamanda siyahıyaalınmaya cəlb edilən işçilərin öz öhdəliklərini hansı səviyyədə yerinə yetirməsi məsələlərinin öyrənilməsinə və bununla bağli ictimaiyyətə məlumatın verilməsinə ehtiyac var. 2020-ci ildə “Strateji Yol Xəritəsi”nin birinci mərhələsi başa çatır və növbəti dövrdə Azərbaycanda yeni iqtisadi siyasi strategiya hazırlanacaq, tətbiq olunacaq. Bu yeni iqtisadi siyasi strategiyanın da 2020-ci ildən etibarən hazırlanması və növbəti illərdə tətbiq olunacağını nəzərər alsaq, siyahıyaalınmanın yekunları bu strategiyanın hazırlanması üçün ən vacib göstəricilərdən biri olmalıdır. Siyahıyaalınmanın nəticələrinin etibarlılığının artırılması, prosesdə həm yerli, həm xarici tədqiqat qruplarının, qərarvericilərin daha yaxından iştirakı üçün bu prosesə aydınlıq gətirilməsi və Nazirlər Kabinenti tərəfindən aparılmış işin ayrıca olaraq qiymətləndirilməsi və ictimaiyyətin məlumatlandırılması önəmlidir".

Nihadə Eyyubova /  Redaktor.az