“Zorakılıq etməyin” deməklə, məsələ həll olunmur - Komitədən VACİB TƏKLİF

 16:53 16.10.2019     2771

Saytlarda son bir həftənin xəbər lentinə nəzər salsaq, görərik ki, hər açılan yeni səhərdə hansısa bir qadın müxtəlif zorakılığın qurbanı olub. Zorakılıq statistikası demək olar ki, anbaan artır. Üzə çıxarılmayan faktları da nəzərə alsaq, bu göstərici daha çox olar. Məsələ ilə bağlı müzakirələr aparılsa, hadisələri önləmək üçün müəyyən addımlar atılsa da, “zorakılıq” problem olaraq qalmaqdadır.

Bəs, problemin kökündə nələr durur və daha hansı işlər görülməlidir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Ailə Qadın və Uşaq problemləri Üzrə Dövlət Komitəsi işini tamamilə yeni bir ip üzərində qurmalıdır:

 “Bu məsələlər üzrə daha çevik addımlar atılmalı, reaksiyalar verilməlidir. Amma bu da yetərli deyil. Cəmiyyəti maarifləndir, qanunu şiddətləndir, cəzaları sərtləşdir, bunların da təsiri azdır. Bu, bir mədəni münasibətdir. Burada ailə sütunu, sosial məsələlər var. Bu zorakılığın həlli üçün kompleks işlər görülməlidir. Eyni zamanda, mənəvi dəyərlərə də diqqət yetirilməlidir. Amma bütün bunların kökündə qadının iqtisadi müstəqilliyi dayanır. Və bu müstəqillik olmadıqca da belə məsələlər ortaya çıxır. Yalnız təbliğatla iş görülmür ki?”.

F. Mustafa əlavə edib ki, bu, yalnız bir qurumun məşğul olacağı məsələ deyil:

“Bu zorakılığın kökü Azərbaycan cəmiyyətinin mental alt yazısında var. Ona görə də biz o istiqamətdə işlər görməliyik ki, insanların problemə yanaşma tərzi dəyişsin. Bu yanaşmanı da dəyişmək çox çətindir. Ümid edək ki, insanların həyata baxışları dəyişəcək. Eyni zamanda məsələlərin həllinə daha fərqli, daha rasional yanaşacaqlar, ailə sütununu, gələcəyini daha sağlam düşünəcəklər. Qadının təhsil imkanları genişlənəcək. Qadınların zorakılığa məruz qalması ilk növbədə,  doğum evlərindən, qız uşaqlarına olan münasibətdən başlayır. Cəmiyyətdə qadına dəyər tendensiyası fərqli olmalıdır. Qadının iqtisadi müstəqilliyi tanınmalıdır. Yoxsa “zorakılıq etməyin” deməklə, məsələ həll olunmur. İnsanların çoxu  da  dəyişimə hazır deyillər. Məsələn, içki içmə, siqaret çəkmə deməklə, nə dəyişir? Məsələnin kökü bundadır”.

Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, qadın və kişi arasında olan münasibəti qətl həddinə qədər çatdırmamalıdırlar:

“İstər qadın, istər kişiyə qarşı zorakılığın əleyhinəyəm. Qadınlar kişiləri mənəvi terrora, kişilər də qadınları fiziki terrora məruz qoymasınlar. Əsas odur ki, qadın-kişi arasında münasibətlər o səviyyəyə gəlib çatmasın. Belə hadisələrdə hər iki tərəf günahkardır. Bunlar uşaq deyil ki, tərbiyələndirib, maarifləndirəsən? Müəyyən yaş həddinə malik ailə qurmuş insanlardır. Statistika göstərir ki, adətən belə hallar 30 yaşından sonra baş verir. Bu yaşdan sonra insan necə formalaşa bilər? Sadəcə olaraq,  onlar dərk etməlidirlər ki, atmış olduqları bu addımın arxasında böyük faciə yatır. Bu həm özləri üçün, həm də ailələri üçün faciədir. Hesab edirəm ki, burada Ailə, Qadın və Uşaq problemləri Üzrə Dövlət  Komitəsini günahlandırmaq düzgün olmaz. Onlar normal şəkildə öz işlərini həyata keçirirlər. Baş vermiş hər hansı hadisəyə görə komitənin ünvanına tənqidi fikirlərin söylənilməsinin tərəfdarı deyiləm. Bu cür halların qarşısını almaq üçün həm qadın, həm kişi bir-birilərinə hörmətlə, sevgiylə yanaşıb ortalığa çıxan hər hansı bir anlaşılmazlığı qətl üzərində deyil, sakit və təmkinli şəkildə həll etməlidirlər. Hər hansı bir faciə baş verməsin deyə, əsas odur ki, insan öz daxili gücünə sığınmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov son illərdə məişət zorakılığına məruz qalan qadınların sayını açıqlayıb:

"Son 3 ildə cinayət və inzibati işlərin sayına baxsaq, Azərbaycanda məişət zəminində qadınlara qarşı zorakılıqla bağlı 850-900 cinayət və inzibati iş qeydiyyata alınıb. Eyni zamanda, yetkinlik yaşına çatmayan qızlara qarşı da zorakılıq faktları var. Uşaqları nikaha məcburetmə, qızlara qarşı fiziki zorakılıq kimi faktların qeydiyyata alınmaları var. Onun çərçivəsində təhsildən yayınma faktının da qeydiyyatı aparılıb”.

E. Səfərov qeyd edib ki, məişət zorakılığı ilə bağlı Dövlət Komitəsində Elektron Məlumat Bankı yaradılıb:

“Hazırda o sistemin təkmilləşdirilməsi işi gedir. Ölkənin şimal-şərq, Quba, Qusar, Şəmkir Daşkəsən, Ağstafa zonasına elektron açarlar paylanılıb. 2020-ci ildə prosesin digər zonaları əhatə etməsi planlaşdırılır. Eyni zamanda, daha vacib  təklifimiz var ki, “Ümumrespublika dövlət qaynar xətti" yaradılsın”.

Qurum sözçüsü əlavə edib ki, məişət zorakılığı zəminində qadın şiddətinin sayının çoxalmasına görə birinci yerdə Bakı və Bakı kəndləri gəlir. Gədəbəy, Gəncəbasar zonası - Ağstafa və Şəki bu göstəriciyə görə ilk sıralarda gəlir:

"Çox təəssüf ki, ilk sırada Bakıdır. Hər il sosial çarxlar olur, yalnız maarifləndirmə bəs etmir, bu sahədə “Milli Fəaliyyət Plan”ı layihəsini hazırlamışıq. Bu işin koordinasiyasını gücləndirəcək. Bu il artıq maliyyə və digər məsələlər dövlət qurumları ilə razılaşdırılıb. Yaxın aylarda ilin sonuna qədər bu layihə təsdiqini tapacaq və bundan sonra daha da effektiv şəkildə həmin siqnallara reaksiya olacaq”.

Nihadə Eyyubova / Redaktor.az