Minlərlə insanı təhlükəyə sürükləyən məşhurlarımız - Gizli məqsədləri var? / ARAŞDIRMA

 15:05 21.10.2019     1183

Ölkəmizdə də hər gün yeni ad altında enerji içkisi bazara daxil olur.

Reklam edilir, tanıtım videolar çəkilir. Təəssüf ki, belə içkilərin reklamında məşhur simalardan istifadə edilir. Karate üzrə beşqat dünya, 11 dəfə Avropa çempionu Rafael Ağayev, məşhur aktyor və teleaparıcı İlkin Həsəni və minlərlə gənclərin sevimli ifaçısı olan əməkdar artist Miri Yusif  enerji içkilərini reklam edir. Onların fotoları həmin enerji içkiləri ilə birgə reklamlarda, küçələrdə, müxtəlif tədbirlərdə göz önündədir. Belə olan halda, yeniyetmə və gənclər bu simalar reklam edirsə, deməli içmək olar fikri ilə energetik içkilərin alıcısına çevrilir. 

Ortaya maraqlı məqam çıxır, enerji içkiləri qanunla 18 yaşından aşağı şəxslərə satılmır, məktəb və uşaq bağçalarının yaxınlığına buraxılmıır, lakin onu minlərlə fanatı olan məşhurlar reklam edir. Bəs, enerji içkilərinin reklamına hansı qadağalar tətdbiq edilcək, məşhurların belə içkiləri reklam etməsinə məhdudiyyət qoyula bilərmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında bildirib ki, öz sahələrində uğur qazanmış şəxslərin bu cür təbliğat aparmaları yolverilməzdir:

"Birmənalı şəkildə idman yarışlarına energetik içkilərin sponsorluq etməsi düzgün deyil. Eləcə də, idmançıların və məşhur simaların bu cür enerji içkilərini reklam etməsinin tam əleyhinəyəm. Çünki onlar cəmiyyətin, xüsusilə gənc nəslin nümayəndələridir. Onlar hər bir işdə elə addım atmalıdır ki, gənclər üzərində yalnız müsbət təsirləri olsun.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  mətbuat xidmətinin rəhbəri Aysel Fərzəliyeva məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, bu, onların səlahiyyətində olan məsələ deyil:

“AQTA enerji içkilərinin qablaşdırılması, satışı və digər məsələləri tənzimləyir. Şirkətlərin öz brendini qanun çərçivəsində istədiyi kimi reklam etmək hüququ var. Bu reklamlarda kimin çəkilməsinə reklam agentlikləri baxır”.

Tanınmış müğənni Mir Yusif isə bildirib ki, bu içkilərin Azərbaycanda satışı, reklamı qadağan deyil. Bu baxımdan enerji içkilərinin reklamında çəkilməsində heç bir qanun pozuntusu görmür.

Xəbər verdiyimiz kimi, 2020-ci ilin yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minəcək. Yeni qaydalara əsasən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini 2020-ci ilin 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər.

Həmçinin, yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə Azərbaycanda məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.

Oral Mədənçi / Redaktor.az