Enerji içkilərinin küçələrdə TƏBLİĞİ - Niyə qadağan olunmur? / AÇIQLAMA

 14:59 23.10.2019     800

Zərərli olduğu deyilsə də, bu gün televiziyalarda, onlayn sferada, hətta küçələrdə belə enerji içkilərinin reklamına rast gəlinir.

Daha çox diqqət əksin deyə bu reklamlara məşhur simalar cəlb olunur. Onların enerji içkiləriylə çəkilmiş fotoları küçələrdəki reklam lövhələrində yerini alır.

Maraqlıdır, enerji içkilərinin reklamına hansısa qadağa niyə tədbir edilmir?

Məsələylə bağlı Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri Redaktor.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə enerji içkilərinin reklamının qadağan olunması ilə bağlı hər hansı məhdudiyyət yoxdur:

“Bu baxımdan ADRA həmin reklamların açıq məkanda yayımlanmasına qadağa qoya bilmir. Bununla yanaşı, Agentlik tərəfindən yetkinlik yaşına çatmayan şəxslərdən istifadə olunmaqla hazırlanan reklamların açıq məkanda yayımlanmasının qarşısının alınması diqqətdə saxlanılır. Amma bu yalnız tövsiyə xarakteri daşıyır və qanunvericilik yol vermədiyinə görə, burada hər hansı məhdudiyyətdən söhbət gedə bilməz”.

Xəbər verdiyimiz kimi, 2020-ci ilin yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minəcək. Yeni qaydalara əsasən ölkə ərazisində enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini 2020-ci ilin 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər. Həmçinin, yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə Azərbaycanda məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.

Xəyalə Məmmədova / REDAKTOR.AZ