Sürücülərin DİQQƏTİNƏ! - Yollar tam BAĞLANMAYACAQ

 11:13 24.10.2019     936

“Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar bu gün səhər saatlarından paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılmağa başlanılıb.

Yol polisi tədbir yekunlaşana qədər sürücülərə alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Maraqlıdır, böyük prospektləri bir-birinə birləşdirən alternativ küçələr bu günlər ərzində paytaxtın avtomobil yükünü daşıya biləcəkmi?

Məsələylə bağlı Redaktor.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, alternativ yollarla bağlı problemlər yaşanmayacaq:

“Bağlanan yoların siyahısı mənim iştirakımla tərtib olunub. Orada alternativ yolları nəzərə almışıq. Düşünürəm ki, qəliz problem yoxdur. Məlumat üçün bildirim ki, yolların tam bağlanmasından söhbət getmir. Tədbir vaxtı yollar bağlı olmayaq. Qonaqların tədbirə aparılması, tədbirdən sonra otellərə yola salınması vaxtı hərəkət müəyyən fasilələrlə məhdudlaşdırılacaq. Yəni, Avropa Oyunları və digər əhəmiyyətli tədbirlər zamanı yolların saatlarla bağlı qalmasından söhbət gedə bilməz. Düşünürəm ki, bu baxımdan ciddi problemlər olmayacaq. Hər bir halda sürücülərimizin çağırışa diqqətlə yanaşmasını tövsiyə edirəm”.

Qeyd edək ki, 25-26 oktyabr tarixlərində Bakıda “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü keçiriləcək. Bu gündən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti,  M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılır. Xüsusilə, Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi  kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır. 

Xəyalə Məmmədova / REDAKTOR.AZ