Bakı metrosunda SIXLIQ VAR - Zərurət yaranarsa...

 14:31 24.10.2019     828

“Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar bu gün səhər saatlarından paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılmağa başlanılıb.

Bu səbəblə səhər saatlarından etibarən Bakı metrosunda sıxlıq müşahidə edilir.

Redaktor.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda metroda sərnişin axını normaldır:

“Metropoliten ehtiyat tədbirlərini dünəndən görüb, əlavə qatarlar da nəzərdə tutulub. Bu günlər ərzində bacardığımız qədər hər bir işin öhdəsindən gəlməyə çalışacağıq. Tədbirlə əlqədar ehtiyat qatarlar nəzərdə tutulub. Zərurət yaranarsa, sözügedən qatarlar xəttə buraxılacaq”.

Qeyd edək ki, 25-26 oktyabr tarixlərində Bakıda “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü keçiriləcək. Bu gündən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti,  M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılır. Xüsusilə, Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi  kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır. 

Xəyalə Məmmədova / REDAKTOR.AZ