Xırdalanın "ATIB-TUTAN" yolları - Problem həll olunacaq

 14:35 28.10.2019     508

Xırdalanda yol problemi uzun müddətdir həllini tapmır.

Redaktor.az bildirir ki, şəhərdə su-kanalizasiya sisteminin çəkilməsi küçələri tamamilə sıradan çıxarıb. Üstəlik qazılan küçələrdəki asfalt örtük ümumi yenilənmək əvəzinə, “yamaq" halında sakinlərin ixtiyarına verilib. Bu da sakinlərlə yanaşı, şəhərə gələn qonaqları da narahat edir.

Abşeron rayon İH-nin mətbuat katibi Seymur Qasımov Redeaktor.az-a açıqlamasında Xırdalan şəhər sakinlərini təmkinli olmağa çağırıb:

““Azərsu” ASC tərəfindən Abşeron rayonu Xırdalan şəhərinin gələcək inkişafını nəzərə alaraq, burada böyük həcmdə su və kanalizasiya xətləri çəkilir. Bu xətlər dünya təcrübəsində də olduğu kimi yerin altıyla çəkilir. Su və kanalizasiya axınını təşkil etmək üçün bəzi yerlərdə yol 3 metr, bəzi yerlərdə isə 5 metr qazılır. İşlər görüldüksən sonra qazılan ərazi “Azərsu”nun podratçı təşkilatları tərəfindən asfaltlanır. Bu da qeyd etdiyiniz mənzərəni yaradır. Yolun ümumi asfaltlanması “Azərsu” işləri yekunlaşdırdıqdan sonra aparılacaq.

Məhlədaxili bir neçə yol asfaltlanıb. Hazırda şəhərin Mehdi Hüseynzadə küçəsi asfaltlanmağa hazırlanır. Bu işlər mütəmadi olaraq davam etdiriləcək. Xırdalanda asfaltlanmamış küçə qalmayacaq. Hazırda bu işlər davam etdiyi üçün proses uzanır. Çünki xətlər çəkildikdən sonra test olunur. Yeni birləşmələr olarsa, yol təkrar qazılır. Asfalt çəkildikdən sonra yenidən qazıntı aparılmamaması üçün hələ ki gözləyirik. Xırdalan şəhər sakinləri, həmçinin qonaqları bir az təmkinli olmağa çağırıram. Az qalıb, biz də narahatıq. Abşeron rayon icra başçısı hər gün küçələri gəzir, görülən işlərlə maraqlanır. Bu istiqamətdə böyük işlər görülür. Bütün bunların fonunda sakinlər daha gözəl şəraitdə yaşayacaq, su və kanalizasiya sistemindən rahat şəkildə istifadə edəcək”.

Qeyd edək ki, sözügedən işlər 2017-ci ilin iyul ayında başlanıb. Bu işi “Azərsu” ASC-nin sifarişi ilə podratçı təşkilatlar həyata keçirir. Layihənin 2019-cu ilin iyul ayında bitəcəyi gözlənilirdi.

Xəyalə Məmmədova / REDAKTOR.AZ