Şamaxı-İsmayıllı yolu yenidən qurulur - İşlərə start verilib / RƏSMİ

 14:58 30.10.2019     638

Prezident İlham Əliyevin Şamaxı-İsmayıllı yoluyla bağlı tapşırığından sonra sözügedən ərazidə işlərə start verilib.

Bununla bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, ötən gündən etibarən qurumun Azəryol Elmi Tədqiqat Layihə İnstitutunun əməkdaşları əraziyə ezam olunublar:

“Hazırda topoqrafiya planlama işləri həyata keçirilir. Növbəti gündən etibarən geodeziya kəşfiyyat işlərinə start veriləcək. Yolun elektron xəritəsinin hazırlanması üçün xüsusi dronlar vasitəsilə uçuşlar həyata keçiriləcək. Layihə və smeta sənədləri hazırlandıqdan sonra aiddiyyəti üzrə təhvil veriləcək. Aidiyyəti dövlət qurumunun razılığı alındıqdan sonra yolun yenidən qurulması növbəti ilin investisiya layihəsinə salınacaq.

Sözügedən yolun inşasına 1978-ci ildə sart verilib. 1982-ci ildə yekunlaşdırılıb. O müddət ərzində yol əsaslı şəkildə yenidən qurulmayıb. Düzdür, tərəfimizdən cari təmir işləri aparılaraq yolun saxlanılması təmin olunurdu. Lakin yol indiki yük avtomobillərinin çəkisinə uyğun gəlmirdi. Bu səbəblə yolda tez-tez çökmə və qabarmalar meydana gəlirdi. Üstəlik bir neçə nöqtəsində (0-8-ci kilometrliyində) sürüşmə əraziləri də vardı. Həmin ərazilərdə müəyyən problemlər yaşanırdı. Həmçinin, həmin hissədə yolun eninin kiçilməsi də qeydə alınırdı.

Yolun ümumi eni 6-7 metr arasında dəyişir. O, üç, dördünücü texniki dərəcəyə uyğun inşa olunub. AAYDA tərəfində aparılacaq yenidənqurma işləri çərçivəsində yolun eninin 9 metrə qədər genişləndirilməsi, 2-ci texniki dərəcəyə qədər yüksəldilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. O, açılışda Şamaxı-İsmayıllı yolunun yenidən qurulması barədə də göstəriş verərək deyib:

“Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda? Biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Amma şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ