Dövlət Əməyin Mühafizəsi Fondunun fəaliyyət istiqamətləri AÇIQLANDI

 15:17 31.10.2019     547

“Dövlət Əməyin Mühafizəsi Fondunun fəaliyyəti əməyin mühafizəsi tədbirlərinin gücləndirilməsinin hərtərəfli dəstəklənməsi yolu ilə istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasına və əməyin mühafizəsinin təbliğinə istiqamətlənib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) mətbuat katibi Aynur Osmanqızı bildirib.  

Onun sözlərinə görə, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən həyata keçiriləcək: 

“Altsistem sığorta şirkətlərinin informasiya sistemi ilə inteqrasiya olunacaq. İşəgötürənlər əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişlərini Sistemə daxil edərkən, onlara işçilərini İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etmək üçün özlərinin seçdikləri sığorta şirkəti ilə  müvafiq müqavilənin bağlanılması üçün imkan yaradılacaq. Hazırda bu istiqamətdə işlər görülür. Nazirlər Kabineti tərəfindən təsis edilən Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması Əmək Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulub”. 

A.Osmanqızı bildirib ki, Fondun vəsaitləri əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə, mütəxəssislərin hazırlanmasına, eyni zamanda əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına yönəldiləcək: 

“Həmçinin Fond əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə, bu istiqamətdə fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına (o cümlədən, texnoloji qurğuların, cihazların, avadanlıqların, nəqliyyat vasitələrinin, qeyri-maddi aktivlərin, mal-materialların və ləvazimatların alınmasına, əsaslı və cari təmirinə) dəstək verəcək. Fondun vəsaitindən istifadənin istiqamətlərindən biri də əməyin mühafizəsi sahəsində nəzarət və monitorinqlərin təşkili və keçirilməsidir. Nazirliyin işçilərinin kollektiv və ya fərdi qaydada mükafatlandırılmasında, əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahəsində dövlət və regional proqramların hazırlanması və yerinə yetirilməsində də Fondun vəsaitindən istifadə olunacaq”. 

DƏMX-in mətbuat katibi qeyd edib ki, Fondun vəsaiti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələrindən, müəssisələrin və vətəndaşların könüllü ödəmələrindən və başqa ödəmələrdən formalaşacaq: 

“Sığorta ödənişlərinin məbləği əmək haqqı fondundan asılıdır. Ölkədə əmək haqqı fondu artdıqca Dövlət Əməyin Mühafizəsi Fondunun da vəsaiti artacaq və paralel olaraq ölkədə əməyin mühafizəsi sahəsində işlər daha sistemli şəkildə həyata keçiriləcək”.//Apa.az