Bakıdakı eskalatorlar SÖKÜLƏCƏK? - Rəsmi CAVAB

 11:45 04.11.2019     975

Vaxtilə paytaxtın mərkəzi küçələrində yeraltı piyada keçidlərinə qoyulan eskalatorlar bu gün də problem olaraq qalır.

Həmin eskalatorların təmiri üçün lazım olan ehtiyat hissələri xaricdən gətirildiyindən, problem yaranan zaman məsələnin həlli gecikir.  Bu da keçidlərdən istifadəni çətinləşdirir. İnsanlar yolun təhkükəli, qadağan olunmuş hissəsindən keçməyə məcbur qalır.

Bu dəfə sualı belə qoyaq:

Piyada keçidlərini keçilməz vəziyyətə salan bu eskalatorların sökülərək, yerinə normal pilləkənlərin qurulması nə vaxtsa gözlənilirmi?

Bununla bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, bu, həmin piyada keçidlərində mümkün deyil:

“Təəssüf olsun ki, pilləkənlə eskalatorların quraşdırılma bucağı tamam fərqlidir. Yəni, eskalatorun yerində pilləkən qurulması üçün keçidlərin giriş-çıxış hissələri tamamilə sökülüb, yenidən tikilməlidir. Bir çox yerdə infrastruktur buna imkan vermir. Bu zaman başqa bir problem də ortaya çıxacaq. Bu da ki, fiziki məhdudiyyətli insanların həmin pilləkənlərlə qalxıb-enməsi. Bu problem də həll olunmalıdır. Bütün bunlar həmin keçidlər tikilərkən təəssüf ki, nəzər alınmayıb”.

Görünür, problemin həlli gecikməkdə hələ ki davam edəcək...

Xəyalə Məmmədova / REDAKTOR.AZ