Bakı metrosunda NƏ BAŞ VERİR? - Gecikən qatarlar, insan izdihamı...

 10:00 14.11.2019     3131

“Bakı metrosunda izdiham yaşandı”, “Metroda qatarlarlar niyə gecikir?”, “Bakı metrosunda qatar tuneldə qaldı”...

Son günlər mediada bu tipli başlıqların sayı artmaqdadır. Metronun fəaliyyətindəki problemlər o həddə çatıb ki, sərnişinlərin narazılığı sosial şəbəkələrdə də trendə çevrilib. Ən böyük narazılıq isə qatarların gecikməsi, sərnişin sıxlığı ilə bağlıdır. Ən çox sıxlıq isə “28 May” stansiyasında müşahidə edilir.

Bir çox hallarda metrodakı bu problem stansiyaların hərəkət sxemi və keçid stansiyası kimi “28 May”ın seçilməsi ilə əlaqələndirilir.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, deyilənlər doğru deyil:

“Bilirsiniz ki, 2008-ci ildən başlayaraq metronun perespektiv inkişafının öyrəniləməsinə başlanıb.  Bu, Bakı şəhərinin müxtəlif sahələr üzrə inkişafını, stansiyalardan istifafə edən sərnişinlərin kateqoriyasını əhat' edib. Bundan sonra optimal konsepsiya hazırlanıb. Hazırda tikilməkdə olan və tikintisi planlaşdırılan digər stansiyalar istifadəyə verildikdən sonra dediyiniz problemlər həllini tapacaq.  

Metroda sıxlıq azalacaq

Metronun inkişafında bir mühim cəhət var ki, xətlərin bir-biri ilə kəsişməsi - keçid stansiyaların olması. Bu məsələ də konseptual inkişaf sxemində öz əksini tapıb. Bu inkişaf sxemi həyata keçirilib, digər stansiyalar istifadəyə verildikcə metronun sərnişin yük azalcaq, sərnişin axını bölüşdürüləcək. Məsələn, “Dərnəgül”dən sonra üç stansiya inşa olunacaq ki, onlardan biri "Y1" adlandırdığımız stansiyadır. Bu stansiya “Koroğlu”ya yaxın ərazidə yerləşəcək. Bu, o deməkdir ki, həmin istiqamətdə Bakı kənd və qəsəbələrindən gələn sərnişinlər özləri seçim edəcəklər. Məsələn, “Elmlər Akademisyası” istiqamətində hərəkət etmək istəyənlər "Y1" stansiyasını, “İçəri Şəhər” istiqamətində getmək istəyənlər isə “Koroğlu” stansiyasını seçəcəklər.  Bu,  sərnişinlərin bərabər paylanmasına səbəbə olacaq ki, metroda indi gördüyümüz sıxlıq azalacaq. Bu, sadəcə bir nümunədir, xətlər inkişaf edib, yeni stansiyalar açıldıqca yükənmə azlacaq”.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov hesab edir ki, metroda sıxlığı azaltmaq üçün Şərq-Qərb istiqamətində daha bir xətt çəkilməlidir:

“Paytaxtda əsas sərnişin axını Şərq-Qərb istiqamətində və əksinə baş verir. Bu istiqamətdə isə Metropolitenin bircə xətti var, yəni bütün qatarlar “28 May” satansiyasından sonra Şərqə doğru və əksinə bircə xətdən istifadə edir. Bu isə ən ideal intervalda da sərnişin axınını götürə bilməz. Ona görə də ən yaxın zamanda 2-ci Şərq-Qərb (Xətaidən Günəşliyə doğru) xətti də açılmalı, dairəvi sistem təmin olunmalı, qalan istiqamətlərdə şaxələnmələr davam etməlidir”.

Son illər Azərbaycana gələn turistlərin sayında artım var. Tursitlər isə getikləri ölkə ilə yaxından tanış olmaq üçün ictimai nəqliyyata, xüsusən də metrodan istifadə etməyə üstünlük verirlər.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, bəzi problemlərin olmasına baxmayaraq, Bakıya gələn turistlər metrodan istifadə etməkdən çəkinmirlər:

“Bilirsiniz, mən dünyanın bir çox ölkələrində olmuşam. Bu ölkələrdəki metrolarla müqayisədə Bakı metrosu çox üstündür. Mən özüm şahidi olmuşam, Paris metrosu axşamlar çox natəmiz olur. Lakin bizim metro təmizlik, təhlükəsizlik və nizam-intizam baxımından yüksək səviyyədədir. Lakin sıxlıq məsələsi həll olunmalıdır. Təbii ki, belə hal tursitləri narazı salır. Bəzən görürsən ki, qatar 5 dəqiqədən bir gəlir. Nəticədə böyük sıxlıq yaranır. Bunu nizamlamaq isə çox asan məsələdir. Sadəcə qatarların hərəkəti arasında intervalı düzgün nizamlamaq lazımdır”.

Oral Mədənçi / Redaktor.az