Əslində nə qədər pensiya almalıyıq? - Reallıqda vəziyyət tam fərqlidir

 16:53 14.11.2019     1946

Azərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb.

Maraqlıdır, 200 manat təqaüdçü üçün qənaətbəxş hesab oluna bilərmi? Əslinə qalsa, minimum pensiya həddi nə qədər olmalıdır?

“Bu gün 200 manat pensiyaçının rifahını təmin edə bilmir”.

Bunu Redaktor.az-a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, bu məsələdə MDB ölkələrinin çoxundan geridə qalırıq:

“Bu artım yüksək haldır. Uzun müddətdir bu istiqamətdə passivlik hiss olunurdu. 2019-cu ildə iki sosial paket çərçivəsində pensiyanın minimum həcmi təxminən 70% artırıldı. Bu, kifayət qədər alqışlanası addımdır. Amma qənaətbəxşdirmi? Yox. Çünki 200 manat təxminən 115-120 ABŞ dollarına bərabər göstəricidir. Biz, gündəlik olaraq pensiyaçıya 4 dollar təklif edirik. Hətta alıcılıq gücü baxımından bu müqayisəni aparmış olsaq, görərik ki, MDB ölkələrinin çoxundan geridə qalırıq. Eyni zamanda, Statistika Komitəsinin verdiyi məlumatların bu gün ciddi şəkildə təhrif olunması son nəticədə istehlak səbətinin, o cümlədən yaşayış minimumunun hesablanmasında alınan göstəricilərin qeyri-real olmasına gətirib çıxarır.

Reallıqda vəziyyət tamamilə fərqlidir

Bu gün 200 manat pensiyaçının rifahını təmin edə bilmir. Statistik göstəricilərə baxmış olsaq, bu, yaşlılar üçün müəyyən edilmiş yaşayış minimumunundan belə 5% artıqdır. Amma reallıqda vəziyyət tamamilə fərqlidir. Faktiki olaraq Bakı yaşayış üçün bahalı olan şəhərlər sırasına daxildir. Burada həyatın rifahının nə qədər bahalı olduğunu hər kəs bilir. Bu baxımdan, həmin istiqamətdə işlərin aparılmasına ehtiyac var. Bunun mənbələri də var. İqtisadiyyatın əhəmiyyəti bir hissəsi qeyri-rəsmidir. Əmək bazarının bu hissəsini leqallaşdırmaqla Dövlət Sosial Müdafiə Fondunun gəlirlərini qat-qat artırmaq olar. Hesablarımıza görə, bu rəqəm iki dəfə arta bilər. Bu isə minimum və orta pensiya həcmini hazırkı ilə müqayisədə ciddi göstəricilərlə artırmaq imkanı yaradır.

Dövlət büdcəsinin sosial xərclərinin strukturuna da baxmaq lazımdır

2020-ci ildə sosial xərclərin həcmi 39.5%-dir. Dövlət büdcələrinin təxminən 70-80%-i sosial iqtiqamətlərə yönəlir. Bu istiqamətdə də mərhələli şəkildə reformlar aparmaq, büdcənin iqtisadiyyatda əsas vəsait qoyuluşunda iştirakının həcmini azaltmaqla, sosial xərclərin payını artırmaq olar. Bu da öz növbəsində pensiyaların artırılması üçün mənbə formalaşdıra bilər”.

İqtisadçı İlham Əzizov isə əlavə edir ki, hazırkı rəqəmlər də istənilən səviyyədə deyil:

“Ölkə başçısının əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atdığı əsas addımlardan biri də minimum pensiya məbləğinin artırılmasıdır. Dəfələrlə büdcənin də sosial yönümlü olması da vurğulanır. Bu, o deməkdir ki, bu proses davam edəcək. Hazırkı rəqəmlər də istənilən səviyyədə deyil. Lakin hər bir artımın maliyyə mənbəyi tapılmalıdır və yaxud hər hansı büdcə xərci azaldılıb bu məqsədə yönləndirilməlidir.

Bilirsiniz ki, bu artım ilk növbədə hakiyimiyyətin marağındadır, çünki hər bir artım sosial narazılığı azaldır. Bizim hesablamalarımıza görə, bu məbləğ qiymətlərin hazırkı durumanda 350-400 manat civarındadır. Lakin bu rəqəmlərə çatmaq elə də asan məsələ deyil. Yaşayış minimumunun özünün hesablanmasında problemlər qalmaqdadır. İlk növbədə qeyri-neft sektorunun real inkişafına nail olmaq lazımdır ki, artımlar təbii yolla baş versin. İqtisadiyyatımız şaxələndikcə bu problemlər öz-özünə aradan qalxacaq. Zira siyasi hakimiyyətin iradəsi də bunu deməyə əsas verir. Büdcənin qənaətlə və xərclərə ciddi nəzarətlə buna nail olmaq münkündür”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ