Lombarda qoyulan qızıllar harada saxlanılır? - Diqqətli olun, TƏHLÜKƏ VAR!

 16:07 22.11.2019     3779

Azərbaycanda lombard kreditlərinin verilməsi ilə bağlı narazılıqlar artmaqdadır.

Məsələn, banklar və bank olmayan kredit təşkilatları lombard vasitəsi ilə əhaliyə qızıl-zinət əşyaları müqabilində kredit verirlər. Sənədləşmə zamanı qızılın real dəyəri ən azı iki dəfə ucuz, faiz yüksək hesablanır. Nəticədə problemini həll etməyə çalışan vətəndaş daha çətin duruma düşür. Banklar və BOKT-lar isə  təminatlı kreditlə qazancını xeyli artırır.

Redaktor.az xəbər verir ki, lombardlarla bağlı acınacaqlı vəziyyət bununla da yekunlaşmır. Ən ciddi problem girov qoyulan qızıl-zinət əşyalarının sonrakı taleyidir. Bəzən lombard sahibi girov kimi götürdükləri əşyalarla bərabər yoxa çıxır. 
Girov qoyulan əşyaları lombardsığorta etməlidir. Bu zaman vətəndaşların lombardlara güvəni çoxalacaq. Vətəndaş biləcək ki, sabah baş verən hər hansı hadisə nəticəsində lombard müflis olarsa, bağlanarsa, hətta yoxa çıxarsa belə, əmlakını sığorta şirkətindən ala bilər. 

Tanınmış iqtisadçı İlham Əzizov hesab edir ki, qısa müddətli təmaninatlı kredit üçün banklara üstünlük verilməsi daha etibarlıdır. Lakin banklarda da bir sıra problemlər var:

“Banklarda girov qoyulan əşyaya toxunmaq olmur, lombardlarda isə bu mümkündür. Lombardların fəaliyyəti qanunla tənzimlənir və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarətdə saxlanılır. Lombarda ipoteka predmeti olmayan, mülki dövriyyədən çıxarılmamış və ya mülki dövriyyəsi məhdudlaşdırılmamış daşınar əşyalar girov qoyula və ya saxlamaya verilə bilər. Lombardlar müvafiq qurumlar tərəfindən lisenziyalaşdırılır, lakin onlar banklar kimi ictimai məsuliyyət daşımır və əhalidən əmanət üzrə vəsait qəbul etmir. Lombard haqqında Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar”.

İlham Əzizov əlavə edib ki, mövcud qanunla girov qoyulmuş əşya tam həcmdə Lombard təşkikatı tərəfindən müştərinin xeyrinə sıgortalanır:

“Qanunun 6-cı maddəsinə əsasən, lombard müəyyənləşdirilmiş qiymətin tam məbləğində öz vəsaiti hesabına əşyanı mənimsənilmə, israf edilmə, zədələnmə, məhv olma və itirilmə riskindən sığortalamalıdır”.

Oral Mədənçi / Redaktor.az