Əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi HAZIRLANDI

 11:17 25.11.2019     1737

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir e-təyinat sistemi - əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi də hazırlanaraq işə salınıb".

Redaktor.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov əlilliyə görə müavinət təyinatının elektronlaşdırılması işlərinə həsr olunan mətbuat konfransında deyib. 

O, məşğulluq, sosial təminat sahələri üzrə xidmətlərin elektronlaşdırılması proqramından bəhs edib:

"Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Artıq 15 min şəxsə pensiya hüquqları yarandığı gün onların heç bir quruma müraciət etməsinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan e-qaydada pensiya təyinatı aparılıb".

H.Məmişov bildirib ki, bu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinatın da elektronlaşdırılması nəzərdə tutulub:

"Onlardan uşağın doğulmasına görə birdəfəlik müavinətin, sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün və bu gün isə əlilliyə görə aylıq müavinətin elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb. Digərləri də ilin sonuna qədər avtomatlaşdırılacaq".

Fond direktoru dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən əlilliyə görə müavinətin məbləğinin orta hesabla 100 faiz artırıldığını da qeyd edib.//Apa.az