"Bakıda DƏHŞƏTLİ QƏZA" - Doğmalarımızı ölümə aparan AVTOBUSLAR

 11:21 25.11.2019     2901

Avtobus qəzalarıyla bağlı xəbər oxuyanda hər kəsi bir sual maraqlandırır: Görəsən, doğmalarımın istifadə etdiyi avtobus deyil?

Son bir həftə ərzində baş verən avtobus qəzaları yenidən bu məsələni gündəmə gətirib. Hər gün olmasa da, azı həftədə 1-2 dəfə ölkədə avtobus qəzası baş verir. Bu da təbii ki, avtobusdan istifadə edən sadə vətəndaşların hər birini narahat edir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Redaktor.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda qəzaların sayı ötən illə müqayisədə xeyli aşağıdır. Qurum rəsmisi qəzaların təqribən 40% azaldığını qeyd edib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev də Redaktor.az-a açıqlamasında qəzaların sayında azalmaların olduğunu bildirib:

“Qəzaların baş verməməsi, avtobuslarda sərnişinlərin təhlükəsizliyi məsələsi ilə bağlı bir neçə istiqamətdə iş aparılır. İlk növbədə avtobus parkı yenilənməli, tələblərə uyğun qurulmalıdır. Nəqliyyat vasitələri saz olmalıdır.

Kart sisteminə keçid də burada xüsusi rola malikdir. Avtobuslarla bağlı baş verən qəzalarda əsas məsələlərdən biri də sürücülərin daha çox sərnişin yığmaq istəyidir. Onlar sürət həddini aşır, təhlükəli manevrlər edirlər. Kart sisteminə keçiddən sonra bu kimi hallar yaşanmayacaq. Ən azından əhəmiyyətli dərəcədə azalmalar müşahidə olunacaq.  

Kartlaşmaya keçid çox vacib, amma özlüyündə çətin prosesdir. Bunun üçün bütüb avtobuslarda kabelləşmə işləri getməli, kartoxuma cihazı qurulmalıdır. Üstəlik, bu işlər avtobuslar xəttə olan zaman gedir. Daşıyıcılardan həmin avtobusların  hamısını xətdən çıxarıb, işləri aparmasını tələb edə bilmərik. Bu, xaos yaradar. İş elə aparılmalıdır ki, sərnişin bunun mənfi tərəfini hiss etməsin. Hazırda qeyd olunan istiqaəmətlər üzrə işlər gedir”.

Xəyalə Məmmədova / REDAKTOR.AZ